23 Sentyabr, 2014
“Muzeydə gecə, evdən gizlicə”

Sentyabrın 27-də beynəlxalq turizm günündə Xalça muzeyinin qapıları gecə saatlarına qədər ziyarətçilər üçün açıq olacaq.

Simsar.az xəbər verir ki, saat 20:00-da başlayan tədbirdə qiymətli eksponatlara və incəsənət əsərlərinə baxış keçirərkən, sizi caz ifaçı Aysel Məmmədovanın ifası sevindirəcək. Bununla yanaşı, bir sıra paralel əylənəcələr gözlənilir. Gənc ustalar sizə bilərzik toxunmasında ən gözəl texnikaları öyrədərək, master-klass nümayiş edəcəklər. Muzeydə gənc Azərbaycan rejissorlarının qısametrajlı filmlərinin unikal nümayişi, Cavid Quliyevdən video-performance, rəssamlar Ləman Yusifli və Mehriban Şəmsədddinskayanın işlərinin ekspozisiyası da olacaq. Bütün gecə isə Manual FM və DJ Hazy kollektivinin ifa etdiyi maraqlı musiqini, eləcə də Natiq Ritm Qrupunun çıxışını dinləmək şansınız var.

Tədbir Gənclər Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Baku Hub (Global Shapers Community) və Uchansichan tərəfindən təşkil olunub.

Xatırladaq ki, 1967-ci ildə əsası qoyulan Azərbaycan Xalça Muzeyi dünyada ilk xalça muzeyidir. Bu, heç də təəccüblü deyil, çünki xalça incəsənəti Azərbaycanda qədim zamanlardan yaranıb və bu gün adət-ənənələrin əksi, ulu babalarımızın həyatının prototipi olaraq çıxış edir. Xalça muzeyi ötən əsrdə qaladan Lenin Muzeyinə, oradan isə dənizkənarı bulvardakı möhtəşəm binaya köçüb.

Günel

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!