22 Sentyabr, 2014
“Xankəndi icra strukturu yaradılmalıdır” – Deputatdan tələb

“Xankəndi icra strukturunun yaradılması məsələsi ilə bağlı hələlik heç bir iş görülməyib”.

Bunu Simsar.az-a açıqlamasında 122 saylı Xankəndi seçki dairəsindən olan Milli Məclisin deputatı Flora Qasımova deyib.

F. Qasımova bildirib ki, bununla əlaqədar Milli Məclis qarşısında məsələ qaldırıb: “Ancaq bu istiqamətdə hələlik heç bir addım atılmayıb. Xankəndi ermənilər tərəfindən ilk işğal olunan bölgəmizdir. Digər işğal edilən bölgələrin müvafiq icra strukturlarının yaradılmasına baxmayaraq, hələ də Xankəndi icra strukturu mövcud deyil. Mən bu barədə Milli Məclisdə çıxış etdim. Hətta Milli Məclisin sədri Oqtay Əsədovun da buna münasibəti müsbət oldu. Ancaq məsələ yarımçıq qalıb”.

F. Qasımova Milli Məclisin payız sessiyasında bu məsələyə yenidən qayıtmağı da planlaşdırdığını deyib.

Qeyd edək ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq işğal olunan həmin şəhər və rayonların Bakıda müvafiq icra strukturları fəaliyyət göstərir. Eyni zamanda həmin bölgələrin təsdiq edilmiş qaydada şəhər və ya rayon statusları mövcuddur.

 

Ülviyyə Cövdətqızı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!