22 Sentyabr, 2014
Toydan dönən avtobus aşdı - 21 yaralı

Balakəndə keçirilən toy məclisindən qayıdan mikroavtobus Şəkidə yol qəzasına düşüb. APA TV-nin xəbərinə görə, hadisə sentyabrın 22-də saat 01:30 radələrində Şəki-Qax yolunun Şəki rayonunun Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki şəhər sakini, 1954-cü il təvəllüdlü İlham Şamil oğlu Ramazanov idarə etdiyi “Mercedes” markalı 55 BO 926 dövlət nömrə nişanlı mikroavtobusla öncə qarşısına çıxan atı vurub. Sonra idarəetməni itirərək mikroavtobusu yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü və Şəki rayonunun Baltalı kənd sakinləri olan 21 sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan 4 nəfər - Əhmədova Sədayə, Cəfərov Şakir, Əhmədov Ehtiram və Paşayev Vüsalın xəsarətləri ağır olduğundan, onlar xəstəxanaya yerləşdirilib. Xəsarətləri yüngül olan 18 sərnişin isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Məlumatda bildirilir ki, qəzaya düşənlər bir ailənin üzvləridir. Onlar Balakəndən, qohumlarının toyundan qayıdırrmış.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!