22 Sentyabr, 2014
Teatrımız beynəlxalq festivaldan uğurla qayıtdı

Sentyabrın 12-də Belarus Respublikasının Brest şəhərində start götürən XIX “Belaya Veja” (“Ağ qala”) Beynəlxalq Teatr Festivalı 20 sentyabrda yekunlaşıb. Simsar.az xəbər verir ki, festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” mono tamaşası ilə çıxış edib.  Quruluşçu rejissoru İsa Əsədov olan tamaşada ifaçı rolunu Əməkdar Artist Şövqi Hüseynov canlandırıb.

Özünün şanslarını əldən vermiş, indi isə bütün varlığı ilə ona çatmaq üçün çabalayan, min bir əziyyətə qatlaşan insanın maddi və mənəvi problemlərindən danışan, dinamika, mim və mürəkkəb fiziki elementlər əsasında qurulmuş tamaşa, eləcə də Şövqi Hüseynovun peşəkar ifası  festival iştirakçılarının böyük marağına səbəb olub.

Festivalda dünyanın 13 ölkəsindən 24 teatr kollektivinin 10 dildə təqdim etdiyi 28 tamaşa izlənilmişdir. Əvvəlcə festivalın dahi dramaturq Uilyam Şekspirin yaradıcılığına həsr olunması qənaitinə gələn təşkilat komitəsi daha sonra festivalın sərbəst şəkildə, heç bir mövzu əsasında olmayacağını qərarlaşdırıb. Ölkəmizlə yanaşı festivalda Belarus, Rusiya, Ukrayna, Estoniya, İtaliya, Latviya, Polşa, Slovakiya, Qazaxıstan, Gürcüstan və dünyanın digər ölkələrinin mono, kukla, meydan, mim teatrları iştirak ediblər.

“Belaya Veja” (“Ağ qala”) ənənəvi beynəlxalq teatr festivalı Brestdə 1996-cı ildən keçirilir. Festivalı məqsədi müxtəlif ölkələrin klassik səhnə ənənələrini inkişaf etdirən və müasir teatr ifadə vasitələri axtarıb tapmağa çalışan milli teatrlarının sənətini nümayiş etdirməkdir. Tanınmış rejissorlar və aktyorlar, musiqiçilər və rəssamlar, habelə gənc istedadlar üçün Brest festivalı öz ən yaxşı əsərlərini teatr xadimlərinin və tamaşaçıların mühakiməsinə təqdim etmək üçün gözəl imkandır.

Festival haqqında yazan Brestin nüfuzlu qəzetlərindən olan “Брестская газета” festival çərçivəsində seçilən və daha çox tamaşaçı marağına səbəb olan səhnə əsərlərinin siyahısına Şövqi Hüseynovun ifa etdiyi “Sözsüz” tamaşasını da daxil edib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!