20 Sentyabr, 2014
Xankəndidən olan deputat: “Sarkisyanın qorxusu hələ də canındadır”

Ötən ay Azərbaycan və Ermənistan prezidentləri Soçidə görüş keçirdilər. Görüşün nəticəsi onu deməyə imkan verir ki, Ermənistan hələ də Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllini istəmir və problemin həll olunmaması üçün əlindən gələni edir.

Danışıqların hazırkı prosesini dəyərləndirən Milli Məclisin Xankəndi seçki dairəsindən seçilən deputatı Flora Qasımova Simsar.az-a açıqlamasında bildirib ki, Ermənistanın sülhə tərəfdaş olmamasında əsas səbəbkar Rusiyadır:

“Ermənistan danışıqlardan özbaşına yayınmır. Onlar Rusiyanın göstərişi olmadan hərəkət edə bilərmi?! Əslində Dağlıq Qarabağ erməniləri məsələnin danışıqlar yolu ilə həllini çoxdan istəyirlər. Ancaq Moskvanın razılığı olmadan danışıqlara gedə bilməz”.

Deputat deyib ki, məsələnin həllindəki yubanmanın digər səbəbi Ermənistan prezidenti Serj Sarkisyan amilidir: “Ermənistan prezidenti məsələnin araşdırıldığı bir vaxtda törətdiyi cinayətlərin üstünün açılmağından ehtiyyat edir. Rusiya amili məsələnin bir tərəfidir. Sarkisyan isə yaxşı bilir ki, barışıq olsa ermənilər onun cinayətlərinin şahidi kimi məhkəmədə çıxış edəcəklər. Sarkisyan törətdiyi əməllərin cəzasını hələ almadığı üçün bunun qorxusu canında var. Nə qədər Sarkisyan hakimiyyətdədir bu məsələnin həllinin uzanması üçün əlindən gələni edəcək. Təcrübə göstərir ki, belə adamların cəzasını elə öz millətinin nümayəndələri verir”.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!