8 Aprel, 2011
Sevda Ələkbərzadəyə Yaponiyadan təklif gəldi

Müğənni zəlzələ qurbanları üçün təşkil olunan aksiyada iştirak edəcək

Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadəyə Yaponiyadan məktub gəlib. Simsar.az -ın məlumatına görə, “Silk Road" Yaponiyaya dəstək kampaniyasının koordinatoru tərəfindən yazılan məktubda azərbaycanlı müğənniyə Yaponiyadakı zəlzələ qurbanları üçün təşkil olunan aksiyada iştirak etmək təklif olunub. Bütün dünyada keçirilən kömək aksiyasında bir çox ulduzlar iştirak edir. Onların sırasında Stinq, Beyons, Kristina Aqilera, Şade, tanınmış aktyorlar, musiqiçi və rəqqasələri göstərmək olar. 

İştirak edəcək musiqiçilərin yaradıcılığından yer alan ən yaxşı əsərlərindən albom hazırlanaraq, satışa çıxarılacaq. Əldə olunan gəlir isə Yaponiyada baş verən təbii fəlakət qurbanlarına yönəldiləcək. Bütün gəlir “Yaponiya Platforması” (Japan Platform) şirkətinə köçürüləcək. Qeyd edək ki, bu şirkət dünyada bu kimi fəlakətlərə təmənnasız yardım üçün fəaliyyət göstərir.

Layihə çərçivəsində xüsusi sayt fəaliyyətə başlayacaq. Bu saytda aksiyada iştirak edən bütün incəsənət adamlarının səhifəsi yer alacaq. İştirak edən musiqiçilərin yapon xalqına müraciəti də tərcümə olunaraq saytda yerləşdiriləcək.

Sevda Ələkbərzadə gələn təklifi yüksək qiymətləndirərək, layihədə iştirak etməyə razılıq verib. O, layihə təşkilatçılarına “Sevdali dünya" və “Şəbi Hicran" albomlarında yer alan mahnılarını təqdim edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!