19 Sentyabr, 2014
İlham Namiq Kamal: “Axı, gözlərimdə kədər yoxdur” – FOTOLAR

Müstəqil Azərbaycanın azad jurnalistləri olaraq ölkə vətəndaşlarına vicdanla xidmət etmək üçün əlimizdən gələni əsirgəmirik. Elə bu məqsədlə də Simsar.az-ın səyyar mikrofon və diktafonları studiyamızda quraşdırılıb.“Dodaqqaçdı” rubrikasında, insan qəlbinin sarı siminə toxunan sualları bu dəfə sevimli sənətkarımız, “Xalq artisti” İlham Namiq Kamal cavablandırır.

Sual 1. Deyirlər, həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?

- Yoldu da, hamı kimi, biz də bu yolla gedirik.  Əgər insan  getdiyi yolda  ayağının  altına baxmasa, təbii ki, büdrəyib yıxılacaq. Ya da, hərdən  göylərdə olsa, onda nəyisə, lap belə  fili də tapdalayıb keçəcək. Bunu fikirləşirəm deyə, həmişə ayağımın altına baxıram.

Sual 2. Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?

- İş orasındadı ki, teatırda biz havaya həsrətik. Teatrın binası  təzə təmir olunsa da, qrim otağında pəncərə yoxdu. Ancaq kondisionerlə həm soyuq hava alırıq, həm də isti.  Balıq necə akvariuma öyrəşir  a, biz də buna öyrənmişik. Yəni ki, biz ancaq bayıra çıxanda görürük günəşi də, dumanı  da.

Sual 3. İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən” “siz”ə nə deyir?

- Nazim Hikmətin gözəl bir sözü var: “insan bütün dünyanı aldada bilər”.  Özüm-özümlə qalanda sakitəm. Çünki mən sadə bir insanam ( bunu yazanda göz yaşlarımı da ora əlavə edin ki, maraqlı olsun).  Gülməli obraz yaradanda  tamaşaçı gülür, mənsə əsəbiləşirəm. Yəni  biz  obrazı yaradanda  iki saat ərzində canlı xarakter maskaları taxırıq. Bu iki saatda bizim ürəyimiz də ağrıyır, təzyiqimiz də qalxır.  Amma görün nazirliklərdə, idarələrdə, icra hakimiyyətlərində nə qədər maska taxanlar var. Biri müdir rolunu, biri naziri,  biri biznesmeni. Bunlar səhərdən axşama kimi oynayırlar,  yorulmurlar.

Sual 4. Xoşbəxtsiniz deyilmi?

- Əlbəttə, rahatam, demək xöşbəxtəm. Əslində xöşbəxtlik bir andır. Fişəng  kimi yanıb parlayır, sönür. Daimi xöşbəxtlik yoxdur.

Sual 5. İtin hürdüyü, karvanın keçdiyi bir vaxtda it hürən tərəfə gedərsiniz yoxsa işıq gələn tərəfə?

- İt hürməlidi, hürməsə çörək verməyəcəklər. Amma o qədər şüurlu  it tanıyıram ki, onların heç yanından keçə bilmərəm.

Sual 6. Deyim var: Yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?

- Onu qeyd edim ki, dörd aydan artıqdır ki, respublikada yağış yağmırdı. Hətta  mən yayda Şamaxıda idim, orada da yağmadı. Yağışın həsrətində olanlar çoxdu. Yağış xeyir-bərəkətdi, yağış olmayanda quyuda da su azalır deyə mən məcbur oldum 6,7 ton su aldım ki, əkdiyim ağacları suvarım yanmasın.

Sual 7. Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?

-Sevincimə sevinənlər doğmalarımdı, kədərimə sevinənlər mərdimazarlar ola bilər.

Sual 8. Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?

-Bəli, fanarımı yandıranda eşidirəm.

Sual 9. Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?

-Mən göy qurşağını görəndə pilləkən kimi onun üstü ilə yuxarı qalxmağı xoşlayıram.

7 rəng var, zarafat deyil, təəssüratlarım çoxdu, amma deyə bilmərəm.

Sual 10. Deyirlər musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın rolu?

- Riyaziyyat dəqiq  elmdi. Əgər sən özünə qarşı, işinə qarşı dəqiq olursansa, bu,  insana hörmət gətirir. Dəqiq olmayanda sənə ciddi baxmırlar və baxmayacaqlar da. Yəni sən dəqiq olursan və ətrafını da riyaziyyatlaşdırırsan. Bəzən də eləsi olur  ki, deyirsən, a balam iki ilə iki dörd edər də. Amma o səndən  5 cavabı istəyir.

Sual 11. Təkamül  nəzəriyyəsini zəncir bənzədən Darvin sizcə zəncirin əvvəlini yaddan çıxartmamışdı ki?

- Əvvəlini deyə bilmərəm,  amma zəncirin axırı da elə xoş təəssüratla bitmir. Zəncirə ya o tərəfdən bağlana bilərsən, ya bu tərəfdən. Elə yaxşı olar ki, zəncirdən uzaq olasan.

Sual 12. Dənizə düşən damlanın dənizəm deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?

- Dama-dama göl olar. Dənizdə batmamaq üçün elə gölnən kifayətlənmək  yaxşıdı, hamı üzə bilmir axı.  Bir məsələ də var ki, dənizdə bilirsən ki, dayazlıq hara qədərdi, göldə isə  arxayın olursan ki, dayazdı, ayağını atan kimi, gedirsən. Odur ki, göl də təhlükəlidi. Gərək gilavar vaxtı dənizə girməyəsən. Yəni gilavar adama gəl-gəl deyir, aparır, amma xəzri get-get deyib səni sahilə qaytarır.

Sual 13. Gözəllik dünyanı xilas edəcək deyənlər, sizcə şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturdular?

- O söz səhər-səhər hələ üzünə heç bir ənlik-kirşan vurmayan gözəllər haqqındadı. Mən slikonun əleyhinəyəm. İnsanın qəlbi safdırsa, təmizdirsə, onun gözəlliyinə heç nə çatmır. Xüsusən də ona yarının gözü ilə baxanda,  o,  Da Vinçinin məşhur portretidi.  Xahiş edirəm bunu xüsusi qeyd edəsiniz ki, ümumiyyətlə, xanımlar gözəldi, həmişə gözəl olublar, olacaqlar da.

Sual 14. Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?

- Ümumiyyətlə, mən çuxura düşmürəm. Bayaq dediyim kimi,  fili tapdalaya bilərəm deyə ayağımın altına baxıram. İnsanı beyni idarə edirsə sənətindən asılı olmayaraq öz yolu ilə gedəcək.  Mən də çox uzun yol gəlmişəm, hələ ki, ağlım imkan vermir çuxura düşməyə. Nəslimiz Şamaxının sarıtorpaq məhəlləsindəndi, ordan gəlmişəm.

Sual 15. Əsrə bərabər gününüz olub?

-Əsrə bərabər günüm olmayıb, yəni ki, nə  avtobusla gedib-gəlmirəm, nə də bu günə kimi metroya  minməmişəm.  Həm də ayağıma hörmət edirəm, biraz hərəkət eləsin  deyə teatra piyada gəlirəm. Amma Şamaxıya gedəndə maşınla gedirəm,  özü də ağayana sürürəm.

Sual 16. Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiniz?

-Şair deyir ki, ötən günə gün çatmaz calasan günü-günə. Mən iki əsrin vətəndaşıyam. Gör indi nə qədər günü-günə calamalıyam, daha üçüncü əsrə də keçə bilmərəm ki. Özü də bu calamaq məsələsi bir balaca  qəlizdi,  günləri nə ilə, nə təhər calayasan? Xanımların saçı  deyil ki,  qaynaq edəsən. Qaynaq deyirəm,  birdən qayğanaq başa düşülməsin a...

Sual 17. Gələcək necə gələcək?

-Nə deyim, hələ söhbət eləməmişəm onunla. Özü də mən onunla internetdə danışmıram. Bizim ayrıca tellərimiz var əlaqə üçün. Ya gərək mənə zəng eləsin, ya da ola bilər yuxuda mənə sim-sim eləsin ki, sabah  gəl filan yerdə səni gözləyirik.

Sual 18. Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?

-Mən 65 ildi eşqlə yaşayıram, eşq olmasa insan yaşaya bilər? Amma  Mənim gözlərimdə kədər yoxdu axı. Yaxşı, siz  elə görüb elə soruşmaq istəyirsiz, elə olsun.  Mən nə deyim,  xeyrin görəsiz.

Sual 19. Sonun başlanğıcına inanırsınız?

-Əgər başlanğıc varsa, son da olmalıdı. Həm zarafat, həm ciddi babam da bu yolu gəlib, atam da, mən də gedirəm, harada dayandım, bitdi. Yəni bu bir yoldu, özü də çox gözəl yoldu. Başqa cür yaşamaq mümkün deyil ki. Məncə, insan bitkidi. Onu bilirəm ki, mən xeyirxah bitkiyəm.

Sual 20. Suallarımız sizi sıxmadı?

-Yox, sıxsaydı gedib hava balışı alardım. Bu qədər hava çatışmazlığından bir azdan hamı hava  balonu ilə yaşayacaq. Həm də işıq pulla,  qaz , su pulla, elə havanı da satsalar lap gözəl olar...

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!