18 Sentyabr, 2014
Tolik: "Məndən üzr gözləmə"

Simsar.az xəbər verir ki,  tanınmış prodüser Tarix Tahir oğlu Əliyevlə (Tolik ) müğənni Natavanxanım Şamil qızı Həbibova (Natavan Həbibi) arasında davam edən məhkəmə prosesi sona çatıb.

Bu barədə prodüserin vəkili Rövşən Mərəndskiy oxucularımızı məlumatlandırdı :

"Məhkəmənin çıxardığı qərarla qətiyyən razı deyilik. 23 iyundan etibarən Xətai Rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə keçən prosesdə ilk olaraq Natavanın vəkili tələb etdikləri pul təzminatından imtina etdilər.

Qeyd edim ki, Mülki məcəllənin 23-cü maddəsini ( şərəf və ləyaqətin müdafiəsi haqqında) rəhbər tutaraq məhkəmə Tolikin guya müğənninin işgüzar nüfuzuna xələl gətirdiyinə görə İnstagramdakı profilində təkzib verməsini qət etdi.

Özü də bu təkzib 10 gün müddətində səhifədən silinməməlidir. Bu yekun qərar deyil. Və mülki məcəllənin bu maddəsində üzr istəmək nəzərdə tutulmayıb. Və kimisə öz şəxsi hesabında nəyəsə məcbur edilməsini qanuna zidd hesab edirik.

Ona görə Apellyasiya məhkəməsinə şikayət edəcəyik. Tolik erməni sifət dediyi bu müğənnidən niyə üzr istəməlidir?".

Əməkdaşımıza verdiyi açıqlamasında Tolik, özü də məhkəmənin çıxardığı qərarla razı olmadığını dilə gətirdi:

"Əvvəla mənə qədər çoxları Natavanı erməni sifət adlandırıb.  Qoy birinci həmin adamlardan şikayət etsin.

Bəli, Laçının işğalı günü konsert vermək istəyən adama erməni sifətdən başqa nə demək olar?  Məhkəmə qərar çıxarsa ki, gedib iki ay küçə süpürməliyəm,  bunu edərəm.

Amma 86 min nəfərin izlədiyi şəxsi İnstagram səhifəmdə əsla Natavanı reklam etmərəm. O, bunu məndən gözləməsin. İnşAllah haqq-ədalət yerini tapacaq".

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!