16 Sentyabr, 2014
ADİU-ya yüksək balla qəbul olanların sayı iki dəfə artıb

Sentyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov ali təhsil müəssisəsinə ən yüksək balla daxil olan tələbə ilə görüşüb.  Universitetin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, rektor ən yüksəl bal (680) toplayaraq Maliyyə fakültəsinə daxil olan, prezident təqaüdçüsü Alıyev Emili tələbə adını qazanması münasibəti ilə təbrik edib və uğurlar arzulayıb. Daha sonra universitetdə həyata keçirilən yeniliklər barədə məlumat verilib. Universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili və tələbələrdə idarəetmə bacarıqlarının inkişafını özündə əks etdirən “Tələbə-rektor” layihəsinin əhəmiyyətindən danışılıb. “Biznes inkubatoru” çərçivəsində start-up layihələrin təmini üçün hər bir şəraitin yaradıldığı qeyd edilib. Emil Alıyev də öz növbəsində ADİU-nu seçməkdən məmnun olduğunu ifadə edib. O, təhsili müddətində universitetdə keçirilən layihələrdə aktiv iştirak edəcəyini bildirib.

Daha sonra universitetin rektoru 600-dən çox bal toplayaraq ADİU-ya qəbul olan tələbələrlə görüşüb. Görüş zamanı bildirilib ki, ötən illə müqayisədə 2014/2015-ci tədris ilində yüksək balla universitetə qəbul olanların sayı iki dəfə artıb. Ali təhsil müəssisəsinin ən qısa zamanda dünya universitetləri ilə müqayisə edilə biləcək həddə çatdırılması hədəfləndiyi vurğulanıb. Bunun üçün təhsil standartlarının təkmilləşdiriləcəyi qeyd edilib. Ölkə üzrə vacib kadrların yetişdirilməsi ADİU-nun qarşısında duran prioritet məsələlərdəndir. Bu istiqamətdə tələbələrin bir-birilə bilik rəqabətinin aparılması vacib şərtlərdən olduğu qeyd edilib. İmtahanların tam şəffaf  şəkildə keçməsi barədə tələbələrə zəmanət verilib. Rektor tələbələrin beynəlxalq bilik yarışlarında iştirak etməsi üçün hər bir dəstəyin göstəriləcəyini bildirib.

Qeyd: 2014/2015-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə 3273 tələbə qəbul olunub. Tələbələr arasında 12 nəfər 650-dən, 93 nəfər 600-dən, 669 nəfər isə 500-dən çox bal toplayıb.

Aysel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!