15 Sentyabr, 2014
“Qarabağ” 1,7 milyo avro qazandı

UEFA Avrokuboklarda çıxış edən klublar üçün büdcəsini açıqlayıb

Simsar.az qurumun saytına istinadən xəbər verir ki, “Qarabağ”ın da yarışacağı Avropa Liqası üçün 225 milyon avro ayrılıb. Bu məbləğin 168 milyon avrosu qrup mərhələsində mübarizə aparacaq iştirakçılar arasında bölünəcək. Ağdam təmsilçisi də bu mərhələdə mübarizə apardığı üçün 1,3 milyon avro əldə edib.

Azərbaycan klubu həmçinin, Çempionlar Liqasındakı çıxışı üçün 400 min avro gəlir əldə edib. Bunun yarısı turnirdəki çıxış üçün, yarısı isə “Valetta” səddini aşdığı üçün təqdim edilib. Beləliklə, ümumilikdə “Qarabağ” 1,7 milyon avro qazanıb. Bu məbləğ qrup mərhələsindəki uğurlu çıxışla daha da artırıla bilər. Belə ki, qrupdakı hər qələbə üçün 200 min, heç-heçə üçün isə 100 min avro mükafat təklif edilir. Qrup mərhələsini lider başa vuran komanda 400 min, ikinci yeri tutan klub isə 200 min avro gəlir əldə edəcək. Bunlardan əlavə, 1/8 final mərhələsinə yüksələn komandalar 350 min, ¼ final mərhələsinə yüksələnlər 450 min avro mükafata sahib çıxacaqlar. Yarımfinalçılar üçün 1 milyon, finalçılara görə isə 2,5 milyon avro mükafat müəyyən edilib. Avropa Liqasının qalibi isə daha 5 milyon avro gəlir əldə edəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!