15 Sentyabr, 2014
“Tezliklə Tel-Əvivdə Azərbaycan bayrağı dalğalanacaq” – Arye Gut

“Yaxın zamanlarda Tel-Əvivin diplomatik kvartalında Azərbaycanın üç rəngli bayrağı dalğalanacaq”

Bunu Simsar.az-a Beynəlxalq munasibətlər üzrə ekspert, Hayfa Universitetinin doktorantı Arye Gut deyib.

“Keçən ilin aprelində Azərbaycan XİN rəhbərinin İsrailə ilk rəsmi səfəri və İsrailin müdafiə nazirinin Azərbaycana ilk rəsmi səfəri bir faktı sübüt edir ki, Azərbaycan-İsrail münasibətləri hər iki ölkə və hər iki xalq üçün mühüm strateji xarakter daşıyır və bu münasibətlərin inkişafı üçün istiqamətlər müəyyən edilib. Azərbaycanın oğlu olaraq yalnız ona sevinərəm ki, yaxın zamanlarda Tel -Əvivin diplomatik kvartalında Azərbaycanın üç rəngli bayrağı dalğalanacaq və mən öz tərəfimdən Azərbaycanın İsraildə olan səfirliyinə yardım etməklə qürur duyacam və burada bu gözəl sözləri yada salacam: "Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı, Azərbaycan!”.

O bildirib ki, Azərbaycan-İsrail münasibətləri hər iki ölkə və xalq üçün çox önəmli strateji xarakter daşıyır: “Bu gün bu sirr deyil ki, İsrail şirkətləri Azərbaycan hərbi sənayesinin yaranmasında və qurulmasında fəal və səmərəli iştirak edirlər. İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrail Azərbaycanın mühüm strateji tərəfdaşıdır, eləcə də bu ölkəyə neft-qaz, müdafiə, telekommunikasiya, kənd təsərrüfatı sahələrində mövcud olan ən qabaqcıl texnologiyaların tədarükçüsüdür”.

Ekspert deyib: “Dəfələrlə ölkəmizdə Azərbaycan səfirliyinin olmaması ilə bağlı sualları cavablandırmışam. Və hər dəfə də təkrar etmişəm ki, rəsmi Bakının xarici siyasəti, ilk növbədə,  Azərbaycanın özünün milli maraqlarına cavab verən konkret məsələlər üzərində qurulur. Belə bir vəziyyətdə rəsmi Bakını qətiyyətsizlikdə və xoş məramlı olmamaqda qınamaq daha asandır. Əslində, rəsmi Tel-Əvivin çoxsaylı müraciətlərinə, Vaşinqtonun çağırışlarına və Amerikadakı yəhudi təşkilatlarının lobbiçiliyinə baxmayaraq İsraillə təxminən 22 il öncə tam diplomatik münasibətlərin qurulmasına dair müqavilə imzalamış Azərbaycan Respublikası hələ də ölkəmizdə öz səfirliyini açmayıb”.

Ekspert hesab edir ki, bu, ilk növbədə  İranla kifayət qədər mürəkkəb və ziddiyyətli münasibətləri gərginləşdirmək istəməməsinə görədir.  Bundan başqa, belə bir addım atmaqla Azərbaycan özü üçün taleyüklü məsələlərdə bir sıra müsəlman ölkələrinin dəstəyindən məhrum olmaq riski qarşısında qalır: “Xüsusilə, söhbət Azərbaycanın 20% torpaqlarının işğalına səbəb olmuş Ermənistanla çoxillik hərbi qarşıdurmadan gedir. Digər tərəfdən, İsraildə Azərbaycan səfirliyinin olmaması, praktik olaraq, nə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq və ticarət dövriyyəsinin həcminə, nə də ölkələrimiz arasında siyasi dialoqun konstruktivliyinə təsir etmir”.

Hüseyn İbadlı

Siyasət Şöbəsi


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!