7 Aprel, 2011
Sınaq imtahanlarının cavabları açıqlandı

Nəticələr http://exam.edu.gov.az/ saytında yerləşdirilib

Təhsil Nazirliyi aprelin 3-də ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirdiyi yoxlama (sınaq) imtahanlarının nəticələrini açıqlayıb. Nazirlikdən Simsar.az-a verilən məlumata görə, imtahanlar Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında keçirilib. 
İmtahan nəticələri http://exam.edu.gov.az/ saytında yerləşdirilib. Şagirdlər bu internet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər.
Nazirlikdən bildirilib ki, imtahanlar test üsulu ilə keçirilib və bu, buraxılış imtahanlarına hazırlıq xarakteri daşıyıb. Məqsəd şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə nail olmaqdır.

9-cu siniflərdə imtahanlar ana dili və riyaziyyat, 11-ci siniflərdə isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib.
Sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Qeyd edək ki, növbəti imtahanlar aprelin 10-da Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!