6 Aprel, 2011
Bəxtiyar Hacıyevin məhkəməsidir

Vəkillərə məlumat verilmir

Aprelin 7-də Gəncə şəhərində gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. 

Bəxtiyar Hacıyevin müdafiə qrupunun rəhbəri, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev “Turan”a açıqlamasında vəkillərə məhkəmə iclası barədə rəsmi məlumat verilmədiyini bildirib.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə ittiham olunur. Barəsində 1 aylıq həbs qətimkan seçilməsi haqda qərarı martın 4-də Nizami (Gəncə) Rayon Məhkəməsi çıxarıb.

İntiqam Əliyev hazırlıq iclasında müdafiə tərəfinin bir sıra vəsatətlər verəcəyini qeyd edib: “Biz əslində prosesin günü və vaxtı barədə məlumatı Bəxtiyar Hacıyevə təqdim olunan bildirişdən əldə edə bilmişik. Həmin sənədə əsasən, proses aprelin 7-də saat 15-də Gəncənin Nizami Rayon Məhkəməsində keçiriləcək. İşi hakim Emin Axundov aparacaq”.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!