9 Sentyabr, 2014
Nazir Ştefan Füle ilə görüşdü - FOTO

Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin IV qeyri-rəsmi dialoq görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin uğurla davam etdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu və enerji sahəsində bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında hüquqi bazanın yeniləşdirilməsi istiqamətində də işlər davam etdirilir. Bu ilin sentyabrın 1-dən etibarən Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya sazişləri qüvvəyə minmişdir.

Görüşdə Azərbaycan iqtisadiyyatına, ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlara dair məlumatlar qonaqların diqqətinə çatdırılıb. Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan münaqişəsi barədə danışaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, münaqişənin regional əməkdaşlığın inkişafına, regionun potensialının tam reallaşdırılmasına ciddi maneə olduğunu bildirib.

Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycanda gedən sosial-iqtisadi inkişafı müsbət qiymətləndirib və Aİ-nin ölkəmizlə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!