6 Aprel, 2011
Aktyorlar tamadalıq etmək istəyir, İsrafil İsrafilov imkan vermir

“Mən onları razı salmaq üçün deyim ki, tamaşanı at, get tamadalıq elə?”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında narazılıq hələ də davam edir. Teatra yeni direktorun təyin edilməsindın sonra problem daha da dərinləşib. Əvvəlki nəslin nümayəndələri olan sayılıb-seçilən aktyorlar onlara münasibətdən gileylidir. 
Dram Teatrın direktoru İsrafil İsrafilov APA-ya müsahibəsində rəhbərlik etdiyi yaradıcılıq ocağındakı vəziyyətə aydınlıq gətirməyə çalışıb.

Aktyor heyətinin ondan razılıq etməsi faktına özünəməxsus şəkildə münasibət bildirən direktor Truppada 65 nəfər olduğunu deyərək, onlardan 10-12 aktyorun narazı olmasınıda böyük faciə görmədiyini bildirib: “Aktyor rolsuz qalanda, ifaçılığa imkan yaradılmayanda narazı olur. Gəlin baxın, hazırda paralel olaraq beş tamaşa hazırlanır, səhər gəlib, axşam gedirlər. Əgər hansısa aktyor axşam hansısa toya tamada gedə bilmirsə və məşq etməlidirsə, necə narazı qalmasın? Mən onları razı salmaq üçün deyim ki, tamaşanı at, get tamadalıq elə? Hər kəs baş rol oynamaq istəyir, amma bir pyesdə iki-üç baş rol var. Fikrimcə, istənilən yaradıcı insan enerjisini gəlib teatrda qeybətə yox, səhnə fəaliyyətinə sərf etməlidir”.

İ.İsrafilov Azərbaycanın öndə gedən aktyoru Siyavuş Aslanın da teatrdan incik düşməsinə aydınlıq gətirib: “Onun səhhətində problem var və o səbəbdən də səhnəyə çıxa bilmir. Azərpaşa Nemətov “Hamlet”i bərpa etməlidir, Siyavuş Aslan da orada Poloni rolunu oynayıb. Poloninin heç olmasa üç cümləsi bu gün Siyavuş Aslanın yadındadır?! Teatrda kiminsə xətrinə dəyəcək heç bir hal, heç bir münasibət yoxdur. Mən aktyorları sevməsəm, onlarla işləyə bilmərəm. Mən onları sevməyə məhkumam”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!