3 Sentyabr, 2014
Azərbaycanlı gəncə BMT-də yüksək vəzifə

BMT-nin Azərbaycan nümayəndəliyinin gənc əməkdaşı Vüqar Allahverdiyev sentyabr ayından etibarən proqram üzrə mütəxəssis kimi BMT-nin ən yüksək qurumunda fəaliyyət göstərir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu il oktyabrın 28-dən 30-dək Bakıda qlobal gənclər siyasətinin inkişafının dəstəklənməsi məqsədilə Gənclər Siyasəti üzrə I Beynəlxalq Forum keçiriləcək. Bu məqsədlə cari ilin martında gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyətinin BMT-nin Nyu- Yorkdakı baş qərargahına səfəri zamanı Azərbaycan Hökuməti və BMT baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi arasında Anlaşma Memorandumu imzalanıb.

Simsar.az xəbər verir ki, Anlaşma Memorandumunun əsas istiqamətlərindən biri gənclər üzrə xüsusi elçinin ofisinə peşəkar kadrların cəlb olunması zamanı azərbaycanlı mütəxəssislərə müraciət edilməsidir. Bu baxımdan BMT-nin Azərbaycan nümayəndəliyinin gənc əməkdaşı Vüqar Allahverdiyev artıq sentyabr ayından etibarən proqram üzrə mütəxəssis kimi yuxarıda qeyd olunan gənclər üzrə BMT-nin ən yüksək qurumunda fəaliyyətə başlayıb.

Qeyd edək ki, gənclər üzrə xüsusi elçi və onun rəhbərlik etdiyi qurum BMT-nin beynəlxalq müstəvidə gənclərlə fəaliyyətinin koordinasiyası, gənclərin inkişaf ehtiyaclarının təhlili və onların həllinə dəstək verilməsi, gənclərin hüquqlarının müdafiə olunması, eləcə də onların BMT-nin qlobal layihələrdə iştirakının təmin edilməsi mandatı üzrə fəaliyyət göstərir.

Vüqar Allahverdiyev 7 ildən artıqdır ki, BMT-nin Azərbaycan nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb. O, 2008-ci ildə Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər, 2011-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyatın idarə olunması fakültələrinin magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!