5 Aprel, 2011
Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmirinə başlanır

317 km dəmir yolunun əsaslı təmir edilməsi üçün Çexiya İxrac Bankının ayırdığı kreditin istifadəsinə başlayıb

«Azərbaycan Dəmir Yolları» QSC Bakıdan Böyük Kəsik sahəsinə qədər 317 km dəmir yolunun əsaslı təmir edilməsi üçün Çexiya İxrac Bankının ayırdığı kreditin istifadəsinə başlayıb.

QSC-nin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, əsaslı təmir işləri üçün lazım olan relslər və şpal istehsal etmək üçün lazım olan avadanlıqlar alınaraq ölkəyə gətirilib. Kreditin məbləği 215 mln. avrodur.

Əsaslı təmir işlərinə may ayının axırından başlanacaq. Hazırda dəmiryolunun əsaslı təmir vaxtı keçmiş hissələrində qatarların təhlükəsiz hərəkətinin təmin olunması üçün hərəkət sürətinə məhdudiyyət qoyulub və həmin sahələr gündəlik nəzarətdə saxlanır.

“Azərbaycan Respublikasında dəmiryol nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair” Dövlət Proqramına əsasən təmir işləri 2010-2014-cü illərdə davam edəcək. Hazırda yolun 50 kilometrlik hissəsinin təmirinə hazırlıq işləri gedir.

QSC-dən verilən məlumata görə, təmirdən sonra dəmiryolunda sürət məhdudiyyətləri aradan qaldırılacaq, hərəkət sürəti artaraq saatda 100 km-ə kimi qalxacaq. Bu isə Bakı-Böyük Kəsik marşrutunda hərəkət müddətini 20-30% azaltmağa imkan verəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!