2 Sentyabr, 2014
Tovuzun ön cəbhə kəndində yeni məktəb binası açıldı

Tovuz rayonunun ön cəbhədə yerləşən Muncuqlu kəndində yeni məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, ziyalılar çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar.

Mərasimdə iştirak edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan dövlətinin iqtisadi qüdrətinin ildən-ilə artmasının ölkəmizdə təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yaratdığını deyib.

Millət vəkili Qənirə Paşayeva bu cür məktəbdə təhsil alacaq şagirdlərin təhsil göstəricilərinin ilbəil daha da artacağına inamını ifadə edib. O, ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu və kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsilli, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb.

Rəmzi qırmızı lent kəsildikdən sonra məktəb binasına baxış oldu və məktəbin kollektivi, müəllim və şagird heyəti ilə və kənd sakinləri ilə geniş söhbət olub.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!