2 Sentyabr, 2014
Transsərhəd çaylarında çirklənmə normadan artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETNS) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının üçüncü ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Nazirlikdən Simsar.az-a vrilən məlumata görə, avqust ayının üçüncü ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının ikinci ongünlüyünə nisbətən 11.8 m3/san azalaraq 78.4 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5.3, Ağstafaçayda 4.2, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Avqust ayının üçüncü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3.7, I Şahsevəndə 3.4, Bəhramtəpədə isə 3.2 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.98-6.10 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!