1 Sentyabr, 2014
Tovuzun Şamlıq kəndində yeni məktəb binası

Tovuz rayonunun Şamlıq kəndində tam orta məktəb üçün inşa olunan 220 şagird yerlik məktəb binası istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ziyalılar çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar.

İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin ildən-ilə artması ölkəmizdə təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yaradıb. Son on ildə təkcə Tovuz rayonunda 19 yeni məktəb binası tikilib, altı məktəb binası isə əsaslı təmir edilib. Cari ildə isə rayonda 820 şagird yerlik altı məktəb binası inşa olunub.

Mərasimdə iştirak edən millət vəkili Qənirə Paşayeva yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagird heyətini təbrik edib. Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili bunun ölkəmizdə hər zaman təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olduğunu deyib.

Mərasimin sonunda rəmzi qırmızı lent kəsildikdən sonra məktəb binasına baxış olub.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!