30 Avqust, 2014
Prokurorluqdan jurnalistin həbsi ilə bağlı MƏLUMAT

Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az-a verilən məlumatda bildirilir ki, avqustun 29-da saat 12:30 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Seymur Həziyev qəsəbənin girişindəki avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib. Onun əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söyməsində, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifət nahiyəsinə vuraraq sonuncuya bədən xəsarətləri yetirməsində şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib, hadisənin şahidləri dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. S. Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, S.Həziyev AXCP Rəyasət Heyətinin üzvüdür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!