30 Avqust, 2014
Gənclər üçün yaradıcılıq festivalı keçiriləcək

Gənclər üçün Təhsil Mərkəzi sentyabr ayının ilk ongünlüyündə Mingəçevir, Ağcabədi və Hacıqabulda ilk dəfə olaraq gənclərin yaradıcılıq festivallarını təşkil edəcək.

Mərkəzin mətbuat xidmətindən  Simsar.az-a verilən məlumata görə,  “Region gəncləri üçün yaradıcılıq laboratoriyası” adlı layihə çərçivəsində keçiriləcək festivalların əsas məqsədi gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, onlarda yaradıcı işə maraq oyatmaqdır.

Festivallara hazırlıq məqsədilə layihə heyəti 2 aya yaxın müddətdə sözügedən şəhər və rayonların gəncləri üçün yaradıcılıq laboratoriyası qurmuş, onlar üçün ayrılmış xüsusi məkanda praktik təlimlər, ustad dərsləri, şənbə görüşləri və məşqlər təşkil ediblər.

Laboratoriyanın hər birinə davamlı olaraq yeni və istedadlı gənclərin cəlb edilməsi, onların şəxsi inkişafı və təşəbbüskarlığının artırılması üçün müxtəlif tədbirlər, o cümlədən müxtəlif oyunlar, müsabiqə və digər sosial aksiyalar keçirilib.

Festivallar çərçivəsində gənclər teatr, kino işi, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, musiqi və digər sahələrdə bacarıqlarını nümayiş etdirəcəklər.

Festivalları izləmək və iştirakçı gənclərin gələcək yaradıcılığını davam etdirmələrinə kömək məqsədilə müvafiq sahələr üzrə ekspertlər və dövlət qurumlarının nümayəndələri də dəvət ediləcəkdir.

Gənclərin yaradıcılıq festivallarının digər regionlarda da davam etdirilməsi planlaşdırılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!