27 Avqust, 2014
Daşkəsənli sahibkarlar üçün treninq keçirildi

Daşkəsən rayonunun Bayan kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyindən Simsar.az-a verilən məlumata görə, treninq Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.

“Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Daşkəsən rayonunda turizmin inkişaf perspektivləri”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, turizm obyektlərində kadrların peşə hazırlığının artırılması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portalların biznesin səmərəli təşkili, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!