27 Avqust, 2014
Respublikadakı əlillərin hüquqları UNİCEF-lə müzakirə edildi

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) UNİCEF-in nümayəndəsi ilə birgə görüş keçirilib. Görüşdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinin təkmilləşdirilməsi sahəsində aparılan işlər müzakirə olunub. Nazir müavini Natiq Məmmədov BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 2008-ci ildə Azərbaycan tərəfindən qəbul olunduğunu qeyd edərək, Konvensiyanın icrası istiqamətində görülən işlərdən bəhs edib. O, bildirib ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin cari ilin aprelində Cenevrədə keçirilmiş 125-ci və 126-cı iclaslarında Azərbaycanın bu sahədə gördüyü işlər barədə ilkin məruzəsi məmnunluqla qarşılanıb.

Ölkəmizdə hazırlanan və həmin Konvensiyanın prinsiplərini özündə əks etdirən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi BMT-nin qeyd olunan Komitəsinə təqdim olunub. Komitə tərəfindən layihəyə müsbət rəy verilib. Hazırda layihə Komitənin bir sıra kiçik tövsiyələri əsasında daha da təkmilləşdirilir. ƏƏSMN sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası ilə bağlı iş sahələrində olduğu kimi, bu  işlərdə də UNİCEF-in Azərbaycan nümayəndəliyi fəal əməkdaşlıq edir.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəsmisi Ramiz Behbudov ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı mili qanunvericiliyin ümumbəşəri dəyərlərə uyğunlaşdırlması sahəsində aparılan işləri yüksək dəyərləndirib. O, UNİCEF-in bu sahədə aparılan işlərə daim dəstək vermək əzmində olduğunu vurğulayıb.

Görüşdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinin təkmilləşdirilməsi işlərində BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin rəy və tövsiyələrinin nəzərə alınması vəziyyəti nəzərdən keçirilib, bu sahədə cari vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!