Bu gün Azərbaycan Respublikasının Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyaya təyin olunmuş səfiri Rövşən Cəmşidov etimadnaməsini Yeni Zelandiyanın General-Qubernatoru general-leytenant Cerri Mateparaeyə təqdim edib.
XİN-dən Simsar.az-a verilən məlumata görə, etimadnamənin təqdim edilməsi mərasimindən sonra General-Qubernator Cerri Mateparaey ilə səfir Rövşən Cəmşidov arasında görüş keçirilib.
General-Qubernator Rövşən Cəmşidovu Azərbaycanın Yeni Zelandiyaya təyin edilmiş ilk səfiri kimi təbrik edərək, bu təyinatın ölkələrimiz arasında əlaqələrin inkişaf etməsinə təkan verəcəyinə ümidvar olduğunu deyib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə əldə etdiyi təcrübəsinin Yeni Zelandiya üçün maraq kəsb etdiyini qeyd edərək, ölkələrimiz arasında BMT çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğulayıb.
General-Qubernator Cerri Mataparaey salamlarının və ən səmimi arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan xalqına çatdırılmasını xahiş edərək, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi üçün hərtərəfli zəminin mövcud olduğunu bildirib.
Səfir Rövşən Cəmşidov fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirmiş və Azərbaycanın siyasi-iqtisadi və sosial inkişafı və ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verib.
Hüseyn İbadlı