25 Avqust, 2014
Çində 8 uyğur türkü edam edildi

Çində terrorçuluqda ittiham edilən 8 nəfər müsəlman uyğur türkü edam edilib. Simsar.az Çinin rəsmi Xinhua agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Məhkəməsi tərəfindən bir müddət öncə barələrində edam cəzası təyin edilən şəxslərin edamı dünən həyata keçirilib.

Edam edilənlərdən üçü - Hüseyncan Huşur, Yusif Ömərniyaz və Yusif Əhməd adlı şəxslər paytaxt Pekindəki Tiananmen meydanında törədilən hücumda təqsirli bilinib.

Bildirək ki, ötən il oktyabrın 28-də Tiananmen meydanında insanlarla dolu əraziyə daxil olan nəqliyyat vasitəsi piyada körpüsünə çırpılaraq alışmağa başlayıb. İnsident nəticəsində 5 nəfər ölüb, 39-u yaralanıb.

Məlumat üçün bildirək ki, yerli uyğurlarla Çin hökuməti arasında gərginlik uzun illərdir davam edir. 1949-cu ildə Çin hökuməti uyğurların Şərqi Türküstan dövlətini ilhaq edərək öz tərkibinə qatıb. Bundan sonra müsəlman uyğurların yaşadıqları tarixi ərazilərə kütləvi şəkildə etnik çinlilərin köçürülməsi prosesinə başlanılıb.

İnsan haqqları təşkilatlarının hesabatlarına əsasən, Çinin “Xan” etnik qruplarının köçürülməsindən sonra bölgədə gərginlik, mədəni təzyiq, etnik ayrıseçkilik, iqtisadi bərabərsizlik meydana gəlməyə başlayıb.

Çin rəsmi qurumları isə uyğurların “Türküstan İslam Partiyası” və “Şərqi Türküstan İslam hərəkatı” tərkibində “əl-Qaidə”dən təsirlənərək Çin dövləti ərazisində terror fəaliyyətlər ilə məşğul olduqlarını iddia edir. Bu iddiaları rədd edən uyğurlar dini və mədəni azadlıqlarının kobudcasına pozulduğunu bildirirlər. Hətta, iş o yerə çatıb ki, bir müddət öncə müsəlman uyğurlarına yaşadığı rayonların birində islami tərzdə libaslar geyinmək və saqqal saxlamaq qadağan edilib.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!