23 Avqust, 2014
Əhaliyə 3.5 milyardlıq pullu xidmət göstərildi

Bakı, 23 avqust (AzərTAc). Bu ilin yeddi ayında əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 3,5 milyard manat olub.

Dövlət Statistika Komitəsindən Simsar.az-a verilən məlumata görə, artımın 60,8 faizi hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 2,7 milyard manatlıq və ya 5,3 faiz çox pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini ayda orta hesabla 53,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

Respublikanın bütün bölgələrində xidmət sektorunun dinamik inkişafı müşahidə olunub. İlin birinci yarısında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı şəhəri üzrə 6,7 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 28,5 faiz, Abşeron iqtisadi rayonu üzrə 12,3 faiz, Naxçıvan iqtisadi rayonu üzrə 4,1 faiz artıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!