23 Avqust, 2014
Alpinistlərimiz Kazbek zirvəsində

Azərbaycan alpinistləri dağ zirvələrinə qalxmaqda davam edirlər. Alpinistlərin bir qrupu Elbrus ekspedisiyasından sonra Kazbek zirvəsinə çatıb.

Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, hər iki ekspedisiya iştirakçıları arasında “NİKoil Bank”ın alpinist qrupunun üzvləri olublar. Bu səfərlər bankın və federasiyanın birgə “20 il yüksəklikdə” layihəsi çərçivəsində reallaşdırılıb.

Avqustun 16-da on nəfərdən ibarət alpinist komandası Bakıdan Gürcüstana yola çıxıb. İdmançılar dağın ətəyində yerləşən Kazbeqi kəndində gecəni keçirib, üzü yuxarı qalxıblar. Qar örtüyünün çox olması zirvəyə qalxmağı ləngidib. Buna baxmayaraq avqustun 18-də komanda Kazbek zirvəsinə (5033 metr) çatıb.

Zirvədən geri dönəndə alpinistlərin yıxılması marşrutda dəyişikliyə səbəb olub və idmançılar daha uzun yolla qayıdıblar. Avqustun 20-də alpinistlərimiz Bakıya qayıdıblar.

Ötən il, bu ilki ekspedisiyanın beş üzvü Kazbek zirvəsinə qalxmağa cəhd göstərsə də pis hava şəraitindən bu səylər uğursuzluqla nəticələnib. Bu il isə uğurlu olub.

Ekspedisiyada bələdçi tanınmış alpinist Rüfət Qocayev olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!