21 Avqust, 2014
ABŞ serialında azərbaycanlı terrorçu - VİDEO

ABŞ-ın “Lifetime” kabel televiziya kanalında yayımlanan “Loterya” serialında qatil-terrorçu obrazı azərbaycanlı kimi təqdim olunub.

Azvision.az xəbər verir ki, “Lotereya” (The Lottery) serialı bir ay əvvəl “Lifetime” kabel kanalında yayımlanmağa başlayıb. Postapokaliptik fantastika janrında olan filmin süjetinə görə, gələcəkdə qadınlar doğmaq qabiliyyətini itirirlər. 100 embrion süni şəkildə mayalanandan sonra, onları bətnində daşımaq üçün 100 qadın lotereya yolu ilə seçilir.

Şounun birinci sezonun üçüncü bölümünün əvvəllərində həmin surroqat analardan birini öldürməyə çalışan terrorçunun milliyyətinin azərbaycanlı olduğu bildirilir. Qeyd edək ki, filmdə qadını qoruyan FBI əməkdaşları “azərbaycanlı” terrorçunu yerindəcə güllələyirlər.

Serialın yaradıcısı və ssenari müəllifi Timoti C. Sekston, prodüser və rejissoru isə Deni Kennondur. Baş rolda Marli Şeltonun oynadığı filmi “Warner Horizon Television” studiyası istehsal edib.

Sirr deyil ki, Hollivud filmlərində məhz kimlərin terrorçu kimi göstərilməsi heç vaxt təsadüfi seçilməyib. Məsələn, “soyuq savaş” dövründə terrorçular əsasən ruslar olurdular. Sonradan bu yeri şimali koreyalılar, çinlilər, daha sonra ərəblər tutmağa başladı. Və bu seçim əslində ictimai fikrə təsir göstərməyin bir metodudur.

İndi azərbaycanlının terrorçu kimi göstərilməsi də eyni məqsəd daşımırmı?

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!