4 Aprel, 2011
Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək

Aprelin 28-30-da Bakıda X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2011) keçiriləcək

Bu il 10 illik yubileyini qeyd edən sərginin Azərbaycanda elan edilmiş Turizm İlinə təsadüf etməsi «AITF-2011»ə marağın artmasına səbəb olub. Belə ki, yubiley sərgisində 150-dən çox şirkətin iştirakı, habelə 23 ölkə və 55 istiqamətin təqdim ediləcəyi gözlənilir. 

Sərginin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ötənilki sərgidə iştirak etmiş bütün qruplar «AITF-2011» sərgisində iştiraklarını bir il əvvəlcədən sifariş edib. Beləliklə, bu ilki sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki, Türkiyə və Çexiyanın milli stendləri nümayiş olunacaq.

Sərgiyə ənənəvi olaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Sahibkarlar Konfederasiyası dəstək verir, sərginin tərəfdaş ölkəsi isə Türkiyə olacaq. Bundan əlavə, «AITF-2011» sərgisinin iştirakçıları siyahısında Türkiyənin iki böyük turizm operatoru da iştirak edir. Sərginin sponsorları arasında «SilkWay Travel» turizm şirkəti də var. AITF sərgisinin rəsmi hava yolları qismində AZAL şirkəti çıxış edir.

Bu sərgi ilə paralel olaraq II Ümumrespublika Daxili Turizm Sərgisi də keçiriləcək. Daxili turizm sərgisində 18 regiondan təxminən 100 şirkət təmsil olunacaq, Azərbaycanın regional istirahət zonaları, sanatoriyaları və mehmanxanaları nümayiş etdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!