20 Avqust, 2014
Temperatur aşağı düşəcək

Son iki həftədə Azərbaycanda anomal istilər keçib. Ölkə rayonlarının əksəriyyətində termometrin civə sütunu 40 dərəcəni göstərib, bəzi rayonlarda isə temperatur 43 dərəcəyədək qalxıb.

Simsar.az-ın verdiyi xəbərə görə, sinoptiklər qeyd edirlər ki, havanın temperaturu indiki dövr üçün iqlim normasından orta hesabla 3-4 dərəcə yüksəkdir.

Bu gün Bakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında jurnalistlərə bildiriblər ki, yay mövsümü başlanandan indiyədək Azərbaycanın paytaxtında 35 adam günvurma ilə əlaqədar stansiyanın həkimlərinə müraciət edib.

Ötən gün Bakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına günvurma ilə əlaqədar iki çağırış daxil olub.

Göstərilən dövrdə Bakıda günvurma nəticəsində ölümlə nəticələnən hadisə qeydə alınmayıb.

Günvurmadan qaçmaq üçün tibb işçiləri əhaliyə uzun müddət açıq havada olmamağı və daha çox su içməyi tövsiyə edirlər.

Sinoptiklər qarşıdakı günlər üçün təsəlliverici proqnoz verirlər. Onların məlumatına görə, cümə axşamından termometrin civə sütunu 3-4 dərəcə aşağı enəcəkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!