19 Avqust, 2014
Foqts: "Məqsədimiz "pley-off"a yüksəlməkdir"

"Özbəkistanla oynayacağımız üçün şadam. Klublarımız hazırlıq zamanı 5-7 yoxlama oyunu keçirir. Ancaq biz daha az oyunda qüvvəmizi sınayırıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts sabah yoldaşlıq oyunu çərçivəsində qarşılaşacaqları Özbəkistanla oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.

"Qarabağ" və "Neftçi"nin futbolçularının milliyə çağırılmamasına münasibət bildirən almaniyalı mütəxəssis bunları deyib: "Əgər milli komanda bu toplanışda tam heyətlə təmsil olunsaydı, bu, Azərbaycan klublarının avrokuboklarda mübarizəni dayandırması demək olardı. Ancaq Azərbaycan Avroliqada iki klubla təmsil olunur. "Qarabağ" və "Neftçi"nin  futbolçuların Avroliqanın qrup mərhələsində oynamaq imkanları var. Hər iki klubun qrup mərhələsinə vəsiqə qazanacağına ümid edirəm".

Foqts "Qarabağ"ın futbolçuları Reynaldo və Riçard Almeydanın milliləşdirilməməsini belə izah edib: "Bu məsələ AFFA-nın işidir. Qanuna edilən dəyişikliklərə görə həmin futbolçular vətəndaşlıq almaq üçün ən azı 5 il Azərbaycanda oynamalıdırlar".

Sentyabrın 3-də Rusiya ilə keçirəcəkləri yoxlama matçına toxunan Foqts bu komandanı "DÇ-2014"ün iştirakçısı olduğu üçün seçdiklərini bildirib: "Avro-2016"nın seçmə mərhələsinin ilk matçında qarşılaşacağımız Bolqarıstana yığmasına uyğun komanda tapmaq çətin idi. Digər Avropa komandaları ilə də oynaya bilərdik. Ancaq "DÇ-2014"ün iştirakçısı ilə qarşılaşmaq istəyirdik. Fabio Kapello mənim dostumdur. Yaxın 3 ildə  Rusiya millisi ilə Bakıda da oynamağımızla bağlı razılığa gəldik".

Millimizin çalışdırıcısı komandasının "Avro-2016"dakı hədəflərindən də danışıb: "Komandamdan "Avro-2016"nın pley-off mərhələsinə çıxmağı gözləyirəm. Bunu futbolçular da bilirlər. Dünənki məşqdən razı qalmasam da, məqsədimiz "pley-off"a yüksəlməkdir. Başqa nəticə məni qane edə bilməz. Bunun üçün çox çalışmalıyıq".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!