19 Avqust, 2014
Mirvarid Dilbazinin doğum günüdür

XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri-xalq şairi Mirvarid Dilbazi 70- ildən artıq yaradıcılıq yolu keçmiş,lirikamızın rəngarəng və kamil nümunələrini yaradıb.

Bu gün unudulmaz şairin doğum günüdür.  Mirvarid Dilbazi 1912- ci il avqustun 19-da Qazax rayonun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil alan şairə, institutu bitirdikdən sonra gənc ş Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım  Azərbaycan EA-nın  Əlyazmaları fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində çalışır.

"Qadınların hüriyyəti" adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilir. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri dərc olunur. Byük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutub. Bu illərdə şairənin yeddi kitabı çap olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib. "Məhsəti", "Əlcəzairli qız", "Partizan Aliyə" poemalarının müəllifidir. Şairin "Məhsəti" və "Əlcəzairli qız" poemaları süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılıb. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olub. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçib. M.Dilbazi artıq çoxdandır ki,sənətin çətin yollarında şeirin kamil ustadı kimi irəliləyir.Onun şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış,şeir xəzinəmizi zənginləşdirib. M.Dilbazinin 70-80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunub, Bu əsərlər ona Azərbaycanın Azərbaycanın Xalq şairi fəxri adını qazandırır.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyiblər.

Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şefçenko, N.Tixnov, Samuil Marşak, Segey Mixalkov və başqa şairlərin əsərlərini, o cümlədən Evripidin “İppolt” əsərini dilimizə tərcümə edib. Şairənin əsərləri bir çox dillərə tərcümə olunub. İki dəfə Şərəf  Nişanı ordeni, “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordeni və medallarla təltif olunan Mirvadid Dilbazi 2001- ci il iyulun 12-də vəfat edib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!