18 Avqust, 2014
Ağdamda yeni arxeoloji materiallar tapılıb

Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda qazıntılar zamanı yeni arxeoloji materiallar aşkar edilib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov Simsar.az-a bildirib ki, “Palıdlı” nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb. Heç bir yerüstü əlamətə malik olmayan nekropolda indiyədək 22 qəbir açılıb. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları (qolbaqlar, üzüklər, sırğalar, mindən artıq əqiq, Misir pastası, şüşə və tuncdan muncuqlar) aşkar edilib. Ölülər sol və ya sağ yanı üstə bükülü vəziyyətdə dəfn olunublar.

Bu il aparılan tədqiqatlar zamanı nekropolda daha 4 qəbir açılıb. Qəbirlərdən ikisi hələ öz dövründə talan edilib, ikisi isə salamatdır. Qəbirlərdə ölülər başı qərb, ayaqları şərq istiqamətə olmaqla, sağ yanı üstə bükülü vəziyyətdə dəfn olunublar. Skletlərin ətrafında 10-a qədər müxtəlif tip keramika nümunələri – küpə, kuzə, sərnic, cam və sair var. Qablardan birinin içərisində heyvan fiqurunu xatırladan qara rənglə şəkillər çəkilib. Digər qabların üzəri çərtmə üsulu ilə çəkilmiş naxışlarla örtülüdür. Aşkar edilən maraqlı tapıntılardan biri də ölünün belindəki kəmər və ona bağlanmış dəmir xəncərdir.

Tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn olunduğunu, qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə (eramızdan əvvəl XII-XI əsrlər) davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, dulusçuluğun, inkişafını, Qarabağ əhalisinin dəmirdən istifadə etdiyini göstərir.

Qarabağ arxeoloji ekspedisiyası tərəfindən “Palıdlı” nekropolu ilə yanaşı, Ağdam rayonu ərazisindəki Kəlbəhüseyn, Namazalı, Leylatəpə, İsmayıltəpə, Şomulutəpə, Bənövşələr təpəsi, Ağcabədi rayonunun Taynaq kəndi ərazisindəki Salamattəpə eneolid dövrü yaşayış yerlərində də tədqiqat işləri aparılıb.

Qarabağda aparılan arxeoloji qazıntılar həm qədim tariximizin öyrənilməsi baxımından, həm də Qarabağ tarixini özününküləşdirməyə çalışan ermənilərə cavab baxımından əhəmiyyətlidir.

Arxeoloji tədqiqatlar sentyabrın əvvəllərinədək davam edəcək.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!