18 Avqust, 2014
Nazir Göyçayda vətəndaşları qəbul etdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.

Simsar.az xəbər verir ki, növbəti belə qəbul bu gün Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Təhsil naziri Mikayıl Cabbarov Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən işlə təminat, diplomların tanınmasında yaranan problemlər, tələbələrin təhsil aldıqları bir ali məktəbdən digərinə keçirilməsi, xaricdə təhsil, yeni məktəblərin tikilməsi və ya əsaslı təmiri ilə bağlı idi.

Ümumilikdə 70-ə yaxın vətəndaşın iştirak etdiyi qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həllini tapıb. Nazir vətəndaşların səsləndirdikləri müraciət və təkliflərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verdi. Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!