16 Avqust, 2014
Daha bir avtomibil yolu bağlanacaq

Bu gündən etibarən Bakı Dairəvi Avtomobil Yolunun 4-cü km-dən 8-ci km-ə qədər, yəni Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yerləşdiyi hissədən Sədərək ticarət mərkəzinə qədər olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bunu Simsar.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Bakı Dairəvi Avtomobil Yolunun bu hissəsində hərəkətin qismən məhdudlaşdırılması təmir işləri ilə əlaqədardır.

“Avtovağzal tərəfdən Bakı Dairəvi Avtomobil Yoluna  gələndə yolun 4-cü km-dən 8-ci km-ə qədər hissəsi, yəni Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Sədərək Ticarət Mərkəzinə qədər olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq. Bilirsiniz ki, təmirlərarası müddət  deyilən anlayış var. Yəni, bir neçə ildən bir, məsələn 4-5 ildən bir asfaltın sonuncu aşınma qatı götürülməli və təzədən vurulmalıdır. Bu yol da artıq 4 ildən çoxdur ki, istifadəyə verilib. Cənub-qərb istiqamətindən gələn istər minik, istərsə də, ağır yük maşınları Bakı şəhərinə daxil olmadan şimal və əks istiqamətdə hərəkət edir. Nəzərə alsaq ki, bu yolda intensiv hərəkət var. Buna görə də, təmirlərarası müddət prinsipinə uyğun olaraq Bakı Dairəvi Avtomobil Yolunda aşınma qatının götürülməsinə və yenidən vurulmasına ehtiyac var”-deyə P.Mürsəliyev əlavə edib.

Qeyd edək ki, təmir işlərinin yaxın 2 həftə ərzində başa çatdırılması planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!