15 Avqust, 2014
Yanğınların başvermə səbəblri araşdırıldı

Bu il əvvəlki illərlə müqayisədə ölkənin iqlim şəraitində xeyli quraqlıq müşahidə olunduğundan bütün təbiət əraziləri, o cümlədən biçənək və otlaq sahələri, meşə massivləri yanğına daha həssas vəziyyətdədir. Belə şəraitdə təbiət qoynunda istirahət edən və təsərrüfat işləri ilə məşğul olan vətəndaşların, otlaq sahələrində məskunlaşmış heyvandarların ehtiyatsızlığı, taxıl sahələrinə biçindən sonra od vuran fermerlərin yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi müxtəlif bölgələrdə yanğınların baş verməsinə və sonradan meşə fondu torpaqlarına, milli parkların ərazilərinə keçməsinə səbəb olur.

Simsar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, hesablamalarına görə, bu il baş verən yanğınların çox böyük əksəriyyəti ilkin olaraq bələdiyyə torpaqlarında, fermer təsərrüfatlarında və heyvandarların məskunlaşdığı otlaq sahələrində, bir sözlə, insanların ehtiyatsızlığı nəticəsində baş verib, sonradan meşə ərazisinə və milli parklara keçib.

Yanğının baş verməsinə səbəb ola biləcək amillərdən birinin də kustar üsulla kömür hazırlanması fəaliyyəti olduğu ehtimal edilir. ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti əməkdaşlarının son bir həftə ərzində keçirdikləri reydlər zamanı kustar üsulla kömür hazırlayan 8 şəxs aşkar edilib, həmin şəxslər 5600 manat məbləğində cərimə olunub və kömür quyuları ləğv olunub.

ETSN builki quraqlıq şəraitində Azərbaycan təbiətinə və ümumiyyətlə ətraf mühitə vurulan bu cür ziyanların qarşısının alınması üçün əhalini bir daha odla ehtiyatlı olmağa çağırır və baş verən hər hansı xırda yanğının dərhal söndürülməsi məqsədilə vaxtında tədbirlərin görülməsi üçün müvafiq qurumlara müraciət etmələrini xahiş edir.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələrimizi oddan qorumağa çağırır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!