15 Avqust, 2014
Avtobus sürücülərinə qarşı reyd keçirilir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda avtobus sürücülərinə qarşı reydlər keçirir.

Simsar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. O vurğulayıb ki, son zamanlar paytaxtda ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol qəzaları və onların ağırlıq dərəcələri çox ciddi narahatlıq doğurduğundan bu istiqamətdə təxirəsalınmaz tədbirlərin keçirilməsinə ehtiyac yaranıb. Bu baxımdan Bakı Şəhər Dövlət Yol Polisi və Nəqliyyat Nazirliyi birgə tədbirlərin keçirilməsinə start verib. Belə ki, paytaxt ərazisində avtobus dayanacaqlarında, son məntəqələrdə və yaxud avtobusların marşrut üzrə hərəkət etdiyi istiqamətlər nəzarətə götürülüb, sürücülərin hərəkəti izlənilib. Avqustun 15-də saat 15.00-dək yol polisinin və Nəqliyyat Nazirliyinin əməkdaşlarının iştirak etdikləri reyddə müxtəlif qayda pozuntularına görə 48 avtobus yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti mühafizə olunan dayanacağa qoyulub: “Keçirilən reydlər zamanı hətta avtobusu sərxoş vəziyyətdə idarə edən sürücülər də aşkarlandı. Bundan başqa bir çox avtobus sürücüsünün yazılmış protokollar üzrə təyin edilmiş cərimə məbləğinin 3 aydan keçməsinə baxmayaraq ödəməməsi faktları da aşkarlandı. Onların cəzalandırılması üçün qərar qəbul edildi”.

Bundan başqa, avtobus dayanacaqlarını qeyri-qanuni zəbt edən 100-dən çox taksi sürücüsünə, avtobusları dayanacaqlardan kənarda, yolların hərəkət hissəsində, ikinci cərgədə saxlayan 60-a yaxın sürücüyə inzibati protokol tərtib edilib. Yüksək tonlu səs siqnallarından istifadə etdiyinə görə dörd sürücüyə protokol yazılıb. Tədbirlər davam etdirilir.

Qeyd edilib ki, məqsəd sərnişindaşımada nizam-intizamı yüksəltmək, yol qəza hadisələrinin sayını aşağı salmaq, avtobus sürücülərinin iştirakı ilə baş verən qəzaların qarşısını almaqdır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!