15 Avqust, 2014
Neft şirkətləri İraqda fəaliyyətini dayandırır

İraqın şimalında fəaliyyət göstərən yeddi beynəlxalq neft şirkəti Ərbil şəhəri yaxınlığında “İraq–Şam İslam Dövləti” (“İŞİD”) adlı terrorçu qrupla Peşmərgə silahlıları arasında davam edən qarşıdurmalar və ABŞ-ın IŞİD-ə endirdiyi aviazərbələr səbəbindən bölgədəki fəaliyyətlərini dayandırmaq qərarına gəlib.

Simsar.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əbu-Dabi Əmirliyinin milli enerji şirkəti “TAQA”, həmçinin “Chevron”, “Exxon”, “Oryx”, “Genel Enerji”, “Afren” və “Hess Corporation” kimi şirkətlər problemli bölgələrdə istehsalı dayandırdıqlarını və işçiləri azad etməyə başladıqlarını bildiriblər. İraq Regional Kürd Rəhbərliyinin təbii sərvətlər nazirliyinin müşaviri Hüseyn Əli Belu neft istehsalı ilə məşğul olan beynəlxalq şirkətlərin ölkədaxili istehsal və gəlirlərdən pay almağa davam edəcəklərini söyləyib. Həmçinin qeyd edib ki, hökumət onlara ixracat üçün ayrılan istehsaldan da pay ayrılmasını təmin etmək üçün müəyyən tədbirlər görməkdədir. Müşavir nazirliyin Ceyhan limanından neft ixracını davam etdirəcəyini və bölgədəki neft şirkətlərinin investisiya dəstəyini məmnuniyyətlə qarşılayacağını vurğulayıb.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!