6 Avqust, 2014
Səyyar laboratoriya istifadəyə verilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, asfaltın keyfiyyətini müəyyən etmək üçün, səyyar sınaq laboratoriyanı istifadəyə verib.

Ölkəmizdə ilk belə laboratoriyanın qurulmasında məqsəd, asfalt-beton qarışığı məhsullarının keyfiyyətinə nəzarətlə bağlı işləri sürətləndirməkdir. Belə ki, respublikada çəkilmiş və çəkilməkdə olan asfalt yollarının keyfiyyət göstəricilərini operativ və yerində müəyyən etmək üçün, Komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) tərəfindən, asfaltın sınağı üzrə səyyar laboratoriya alınıb istifadəyə verilib.

Simsar.az xəbər verir ki, laboratoriyada qurulmuş ən müasir texnoloji avadanlıqlar vasitəsilə həm çəkilmiş, həm də çəkilməkdə olan yollarda asfalt-betonun keyfiyyətini bütün göstəricilər üzrə müəyyən etmək, həmçinin yolun alt qatının-özülünün keyfiyyətini yoxlamaq mümkündür. Səyyar laboratoriyada asfalt-beton qarışığının və bu qarışıqda istifadə olunan materialların – bitum, qırma daş, çınqıl və mineral tozun da keyfiyyəti müəyyən olunacaq.

Qeyd edək ki, laboratoriyada çalışan işçilər xarici ölkələrdə ixtisasartırma kursu keçərək, sınaq metodlarına dərindən yiyələniblər. Laboratoriya artıq ilk sınaqlarına başlayıb.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!