1 Aprel, 2011
1 APREL - ALDATMA, YOXSA GÜLÜŞ GÜNÜ?

Çoxları bu günün əsl mahiyyətini bilmir

Dünyada hər il aprelin 1-i gülüş günü kimi qeyd olunur. Gülüş günündə insanların bir-biri ilə zarafat etməsi normal haldı. Ancaq bir çoxları bu günün əsl mahiyyətini dərk etmədən bir birləri ilə sonu inciməklə, küsməklə nəticələnən çox acı zarafatlar edir. Bu isə gülüş gününü əsl zəhər gününə çevirir. Görəsən çoxları bu günün hansı gün olduğunu bilirmi. Elə bu sualla da yazı - pozu əhlinə müraciət etdik.  

“Təkcə aprelin 1-də aldatsalar, dərd yarıdır”

Jurnalist Rəbiqə Zeynalova: “ Bütün dünya üçün gülüş günüdür . Əgər bu "aldatma" - zərərsiz zarafatdırsa, burada qəbahətli heç nə yoxdur, amma yaxşı olardı ki, aldatma kimi qəbul etməsinlər. Təkcə aprelin 1-də aldatsalar, dərd yarıdır, hər gün bir-birimizə yalan danışırıq, aldadırırıq və aldanırırq. Bu aldanışların sonunda təbəssüm yoxdur”.

“Aldatdığımız adamlara gülüş deyil, stress, əsəb veririk”

“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli: “Bizdə Azərbaycansayağıdır, 1 aprel aldatma günü kimi təqdim olunur. Amma rəsmən Beynəlxalq Gülüş günüdür. Həmin gün şən əhval yaratmaq üçün bizim ağlımız başqa bir şey kəsmədiyi üçün aldadıb guya gülüş bəxş edirik. Əslində isə, aldatdığımız adamlara gülüş deyil, stress, əsəb veririk. Ötən il bir nəfər məni aldatdığı və bu əsəblərimə çox ciddi təsir etdiyi üçün hələ də ona salam vermirəm”.

“Hər il övladlarım məni aldadırlar”

İqtisadçı alim Nazim Məmmədov: “ Mən 1 apreli "Gülüş Günü" kimi qiymətləndirirəm və elə də davranıram. Hər il övladlarım məni aldadırlar . Mən də başa düşəndən sonra ancaq gülməyim qalır. Ancaq əvəzini də çıxıram, belə demək mümkünsə "borclu" qalmıram”.

“Aldatmanın nəticəsi heç də həmişə gülməli olmur”

ANS televiziyasının aparıcısı Ayaz Mirzəyev: “Məncə aprelin 1-i aldatma günüdür amma mənim bu gündən xoşum gəlmir, çünki bu aldatmanın nəticəsi heç də həmişə gülməli olmur. Aldatma ilə zarafatı bəzən insanlar səhv salır”.

“Azərbaycanlıların hər günü 1 Aprel kimi keçir”

Jurnalist Gunaym Muradlı: “Azərbaycanlıların hər günü 1 aprel kimi keçir. Mənim üçün 1 aprel qışdan çıxdığım üçün sevindiyim gündü, başqa heç bir məna kəsb etmir”.
“Camaatı aldadıb gülürlər”
Biz+jurnalının redaktoru Parvanə Şəfiyeva: 1 Aprel ona görədir ki, camaatı aldadıb gülürlər.

“Milləti aldatmaqla yumor olmaz”

Yazıçı Rafiq Tağı: “1 Aprel yumor günüdür, aldatma yox. Milləti aldatmaqla yumor olmaz. Milləti aldadanların gələcəyi olmur. 1 Apreldə heç olmasa planlı şəkildə gülək. Bizdə çatışmayan sağlam gülüşdür. Folklorumuzdakı sayaq gülək. Bundansa qazanc güdməyək”.

“Aldadıcı gülüşlər günüdür”

Dünya Azərbaycanlı Yazarlar Qurumunun Güneyli yazarı Sayman Aruz: “ Aldadıcı gülüşlər günüdür! Onsuz da həmişə yalandan gülürük”.
“İnsanların ovqatına müsbət enerji verə biləcək bir gündür”
Hərbi jurnalist Üzeyir Cəfərov: “Bu daha cox gülüş günüdür. Çünki kim kimi aldatsa da sonda insanlar ya aldadılanda, ya da aldananda üzlərində bir təbəssüm hissi olur. Hər iki halda insanların ovqatına müsbət enerji verə biləcək bir gündür”.

“365 günün hamısı aldatma günüdür”

AzTV-nin əməkdaşı Tural Mamedov: “ 1 Apreli gülüş günü kimi qəbul edirəm. Bəlkə də kimisə aldadıb gülmək olar, amma bu yalan cox yüngül formada olmalıdır. Əslində 365 günün hamısı aldatma günüdür.

“İnsanlar bir-birlərini gülmək, əylənmək üçün, aldadırlar”

Gənc yazar Günel Xəzəl: “İnsanlar bir-birlərini gülmək, əylənmək üçün, aldadırlar. Zarafat, gülüş günüdür deyərdim. Amma bizdə bu sırf aldatma günü kimi qəbul edilir.
“Bizdə heç kim bilmir ki, bu gün lətifə günüdür, aldatma ya gülüş”
Gənc yazar Zərdüş Şəfi: “Çoxları bu günü aldatma günü kimi qəbul edib, milləti aldadır. Azərbaycanda gülüş də, aldatma da özünəməxsusdur. Dərindən fikirləşsən zarafatın və ya lətifənin absurdluğuna ağlaya da bilərsən. Bax bu səbəbdəndir, bizdə heç kim bilmir ki, bu gün lətifə günüdür, aldatma ya gülüş. Yəni reallığı desək, bizdə bu gün lağlağı, kimisə ələ salma günüdür və artıq heç mən özüm də bu günün nə olduğu ilə maraqlanmıram. Bu, psixologiyanı dəyişmək artıq mümkün deyil.

Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!