4 Avqust, 2014
Sürücülər kimə inansın? – ARAŞDIRMA

Daxili İşlər Nazirliyinə, Dövlət Yol Polisi-nə yoxsa dəllallara?

2006-cı il buraxılışlı 3500 kubsm mühərrik həcmli avtomobili texniki baxışdan keçirmək üçün tələb olunan rusumu öyrənmək və baxışı həyata keçirmək üçün kiçik bir araşdırma apardım. Əlbəttə ki, hər bir sürücü kimi ilk olaraq DYP-də çalışan tanışlara müraciət etmək ağlıma gəldi. Aldığım cavab isə belə oldu: "Maşını Maştağaya gətirin orda baxıb razılaşacaqlar. Hardasa 150 manatdan aşağı olmayacaq."

Daha sonra yaxınlardan biri dedi ki, bu işlə "Atəşgah sığorta" Şirkətinin əməkdaşları da məşğul olur. Sığortaçının texniki baxışla məşğul olması çox təəccüblü görünsə də nömrəsini əldə etdiyim "sığortaçı-texnik"lə əlaqə yaratdım. Avtomobilim üçün 130 manat ödəməklə heç bir yerə getmədən bu məsələni həll edə biləcəyimi söylədi. Bir də rəsmi yollarla bu məsələni araşdırmaq qərarına gəldim. İlk olaraq Daxili İşlər Nazirliyinin rəsmi saytına baxdım. Avtomobilimi 01 sentyabrdan 31 oktyabradək texniki baxışdan keçirməli olduğum qeyd olunmuşdu. Dövlət rusumu olaraq isə texniki baxış üçün 10 manat, yol vergisi olaraq da (mühərrikin həcmi 2000 kub santimetrdən çox olduqda - 20 manat + mühərrikin həcminin 2000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə - 0,02 manat) 50 manat ödəməli olduğu öyrəndim. Deməli bu hesabla ümumilikdə 60 manat rusum ödəməklə 2006-cı il buraxılışlı və 3500 kubsm mühərrik həcmli avtomobilimi texniki baxışdan keçirə bilərdim.

Elə bu məlumatlara əsasən DYP-nin Maştağada yerləşən texniki-müayinə mərkəzinə getmək fikrindəydim ki, bir də bu məlumatları DYP-nin rəsmi saytı ilə müqayisə etmək fikrinə düşdüm. Tam fərqli bir mənzərə ilə qarşılaşdım. DYP-nin rəsmi saytı olan www.dyp.gov.az-da avtomobilmi 01 maydan 01 avqustadək texniki baxışdan keçirməli olduğum göstərilmişdi. Rusum isə bu qaydada hesablanmalı idi: Texniki baxış haqqı -20 manat, yol vergisi isə - muhərrikin həcmi 3000 kub santimetrdən 4000 kub santimetrədək olduqda 40 manat + muhərrikin həcminin 3000 kub santimetrdən cox olan hissəsinin hər kub santimetrinə gorə - 0,03 manat. Buradan belə anlaşılır ki, avtomobilim üçün 20 manat texniki baxış üçün və 55 manat yol vergisi olmaqla ümumilikdə 75 manat rusum ödəməliyəm. Əlavə olaraq da avqust ayının 1-nə dək texniki baxışdan keçmədiyim üçün Аzərbаycаn Respublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 154.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyаt vаsitələrinin sаhibləri və yа sürücüləri tərəfindən müəyyən edilmiş qаydаdа və müddətdə nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50 mаnаt miqdаrındа cərimə ödəməlidirlər. Belə olduqda 75 manat texniki baxış haqqı və 50 manat cərimə olmaqla 125 manat "xərcim" çıxacağını öyrənə bildim.

Bu məsələni araşdırmaq üçün xeyli vaxt sərf etdim. Nəticələr göz qabağındadır. Biri digərinə bağlı iki qurumun rəsmi saytları tam fərqli informasiylar verir. Həmin qurumların özünə müraciət etdikdə isə tam başqa mənzərədir. Əlavə olaraq da "sığortaçı-texnik"ləri nəzərə alsaq biz sürücülər kimə inanaq?

 

P.S Keçidləri də təqdim edirəm

1. http://www.dyp.gov.az/?%2Faz%2Fcontent%2F155%2F

2. http://mia.gov.az/?%2Faz%2Fcontent%2F29773%2F

Anar Rəsul


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!