31 Mart, 2011
Şəhər rəhbərliyindən təkrar təklif: "Gedin stadiona"

Müxalifət isə “Fəvvarələr meydanı” -nı hədəf seçib

İctimai Palatanın (İP) aprelin 2-nə təyin etdiyi aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) göndərilmiş müraciət məktubuna cavab verilib.

Bu barədə APA-ya İP-ə daxil olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu məlumat verib.

O bildirib ki, BŞİH “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyası keçirməyə razılıq verməyib. Əvəzində aksiyanın Bibiheybət qəsəbəsindəki stadionda keçirilməsi təklif edilib.

Müsavat partiyası başqanının müavini Arif Hacılı isə APA-ya bildirib ki, onlar aksiyanı “Fəvvarələr meydanı”nda keçirəcəklər: “İctimai Palata olaraq mitinqi aprelin 2-si saat 14.00-da “Fəvvarələr meydanı”nda keçirəcəyik”.

Qeyd edək ki, İP adından Müsavat Partiyası, AXCP, KXCP və AMİP nümayəndələrinin imza ataraq BŞİH-ə göndərdikləri müraciətdə demokratik islahatlar aparılması, söz azadlığının təmin edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi, Qarabağa azadlıq və s. şüarları ilə “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyasının keçiriləcəyi bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!