31 Mart, 2011
Azərbaycan və Hindistan iş adamları görüşdü

Hər iki tərəf ölkənin sosial-iqtisadi inkişafı istiqamətində əldə olunmuş nailiyyətləri əks etdirən sərgi ilə tanış olublar

Bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Hindistanın Ticarət və Sənaye Palataları Federasiyasının təşkilatçılığı ilə Azərbaycan və Hindistan iş adamları arasında işgüzar görüş keçirilib.
Tədbirdə Azərbaycan və Hindistan tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, səhiyyə və əczaçılıq, tikinti, kimya sənayesi, tekstil, mühəndislik və digər sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib.
Qonaqlar Bakı Biznes Mərkəzində təşkil edilmiş ölkənin sosial-iqtisadi inkişafı istiqamətində əldə olunmuş nailiyyətləri əks etdirən sərgi ilə tanış olublar. Onlara Azərbaycanın iqtisadi uğurları barədə geniş məlumat verilib. Sərgi, eləcə də burada nümayiş olunan ölkə təqdimatı, interaktiv məlumat lövhəsi, Azərbaycan məhsullarının elektron kataloqu, ölkəmizin investisiya mühiti və biznes imkanlarına həsr olunmuş xüsusi məlumat toplusu qonaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycan iqtisadiyyatında qazanılan nailiyyətlər, eləcə də iki ölkə arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verib.
Azərbaycanın iqtisadi imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin biznes və investisiya imkanları barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şau, Hindistanın Ticarət və Sənaye Palataları Federasiyasının Baş katibinin müavini Şeyla Sudhakaran iş adamları arasında əməkdaşlığın inkişaf etdiyini, biznes forumların və müxtəlif tədbirlərin iki ölkə arasında əlaqələrin daha da intensivləşməsinə töhfə verdiyini qeyd ediblər.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!