31 Mart, 2011
Beynəlxalq Universitet mövzusu yene gündəmə gəldi

Dilarə İsmayılovaya qarşı orqan transplantasiyası ilə bağlı yeni ittiham irəli sürülüb

Azərbaycan Beynəlxalq Universitetinin klinikasının rəhbəri Dilarə İsmayılovaya qarşı Ukraynada “qara transplantasiya” işi üzrə ittiham irəli sürülüb. APA-nın “Seqodnya” nəşrinə istinadən yaydığı məlumata görə, bu barədə vəkil Mariya Sambur bildirib. Onun sözlərinə görə, Kiyevdə Şalimov adına institutun qanunsuz orqan transplantasiyasında ittiham olunan cərrahlarına qarşı yeni ittiham irəli sürülüb. Söhbət Ukrayna Cinayət Məcəlləsinin “əvvəlcədən əlbir olmaqla qrup şəklində ağır nəticələrə səbəb olmuş insan alveri etmək” (maddə 149, 3-cü hissə, 8 ildən 15 ilədək həbs cəzası), “cinayətkar qrup yaratmaq” (255-ci maddə, 1-ci hissə) və “transplantasiya qaydalarının pozulması” (143-cü maddə, 5-ci hissə) maddələrindən gedir. 

Yeni ittihamnamədə klinikanın rəhbəri Dilarə İsmayılovanın, təşkilatçı Boris Volfmanın və qrupun üzvü Roini Şimşiloşvilinin adları keçir.


Xatırladaq ki, ötən ilin oktyabrında bu iş üzrə cərrah Vladislav Zakordonets və iki anestezioloq həbs edilib. Onlar Bakıda orqan transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatları keçirməkdə ittiham olunurlar. Bu iş üzrə İsrail vətəndaşı Yuri Katsman, həmçinin əməliyyat üçün adamların seçilməsində iştirak edən şəxslər də həbs olunublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!