1 Avqust, 2014
Cəbhədə gərginlik: 8 hərbçimiz şəhid oldu - ŞOK

Ermənilərin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçmək cəhdinin qarşısı alınıb, şiddətli atışmadan sonra düşmən bölmələri xeyli itki verərək geri çəkilib

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.

APA-nın məlumatına görə, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.

Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib.

Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!