30 İyul, 2014
Çobanların yaratdığı, əsilzadələrin oynadığı QOLF – MÜSAHİBƏ - FOTOLAR

Azərbaycan üçün yeni olan qolf idman həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. Bu idman növü ilə məşğul olmaq istəyənlərin sayı da gündən-günə artmaqdadır. Bəs qolfun perspektivləri nələrdir? Bu idman növünün inkişafı üçün hansı işlər görülür? Müsahibimiz Azərbaycan Qolf Federasiyasının ictimai əlaqələr üzrə meneceri Ülviyyə Ələsgərovadır.

- Qolfun tarixi haqda bizi məlumatlandıra bilərsiz?

- Qolf  həmişə yüksək təbəqənin nümayəndələrinin oynadığı idman növü olub. Amma tarixçəsi bir az fərqlidir. Belə ki, qolf XIV əsrdə şotland çobanları tərəfindən yaradılmış bir idmandır. Çobanlar qoyunları otarmağa gedəndə siçanların, ilanların yuvalarına öz çomaqları ilə daşları yuvarlayıb atır, bu cür vaxt keçirirmişlər. Həmin dövrdən indiyə kimi qolfda hər hansısa bir dəyişiklik baş verməyib. Fikir versəniz, qolf çubuqları da çobanların çomaqlarını xatırladır. Ümumiyyətlə, futbolda, güləşdə və digər idman növlərində qaydalar müəyyən vaxtdan bir dəyişir. Qolfda isə belə şey yoxdur.

- Qolfu digər idman növlərindən fərqləndirən başlıca xüsusiyyət nədir?

- Qolf təkcə idman növü deyil. Buna həm də, ruhu dincəldən, insanı sakitləşdirən bir istirahət kimi də baxmaq lazımdır. Təbiət qoynunda, sakit bir mühitdə oynanılan oyun insanı bütün problemlərdən xilas edir.

- Qolf insanı problemlərdən necə xilas edə bilər?

- Qolfun müəyyən qaydaları var. Burada topu vurana qədər müəyyən bir hazırlıq tələb olunur. Bütün diqqətini topa yönəltməli olursan. Bu, bir neçə saniyə tələb edir. Həmin vaxtda sən heç bir problem haqda düşünmürsən. Bunlar hamısı stress atmağa kömək edir. Bu yaxınlarda bir valideyn bizim dərslərə öz uşağını gətirmişdi. Deyirdi, uşağında böyük aqressivlik var. İndi isə həmin uşaq tamam dəyişilib.

- Belə çıxır ki, qolf həm də psixoloji terapiyadır?

- Bəli, elədir. Qolfun çox gözəl qaydaları var. Burada sənə rəqibə hörmətlə yanaşmağı, ümumilikdə mədəni olmağı öyrədirlər. Qolf etiket qaydaları üzərində qurulmuş idman növüdür. Oyunçu topa vurmağa hazırlaşanda meydançada hər kəs sakitliyə riayət edir. Oyunçu rəqib olsa belə, onun diqqətini yayındıracaq hər hansı bir hərəkətə yol vermirlər. Çoxları bu qaydalara görə qolfu sevir. Sizi maraqlı bir faktla da tanış edim. Dünyanın nəhəng şirkətləri arasında ən böyük müqavilələrin 90-%-i qolf meydançalarında razılaşdırılıb. Topu vurub topun dalınca gedən iki nəfər nəsə haqqında danışmalıdır. Qolf oynayanların da əksəriyyəti nəhəng şirkətlərin rəhbərləri, əsilzadələr olduğundan onlar da hər hansısa müqavilələr haqda danışıblar.

- Qolf Azərbaycan üçün yeni bir idman növüdür. Bu idmanın məşhurlaşdırılması üçün hansı tədbirlər həyata keçirilir?

- Azərbaycan vətəndaşlarının ümumiyyətlə qolf haqqında anlayışı yoxdur. Bu da normaldır. Bu idman növü bizim üçün olduqca yenidir. Ona görə, bu idman növünün qaydalarının tanıdılması, yarışlar haqqında məlumatlandırmaq üçün müəyyən işlər həyata keçiririk.

- Nə kimi işlər?

- Müəyyən turnirlər təşkil edirik, gəncləri bu idman növünə cəlb edirik və s.

- İndiyə kimi hansı turnirlər təşkil edilib?

- Bu yaxınlarda dövlət səviyyəsində ilk olaraq Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirildi. İndi isə ikinci mötəbər turnirə hazırlaşırıq. “European Challenge Tour” yarışında beynəlxalq arenada kifayət qədər tanınmış idmançılar iştirak edəcəklər. Bunlar hamısı Azərbaycanda qolf idmanına diqqət çəkmək və beynəlxalq aləmdə Azərbaycanın bir qolf ölkəsi kimi tanıdılmasına nail olmaqdır.

- Bəs gənclərin qolfa cəlb edilməsi üçün hansı işlər görülür?

- Biz artıq bir neçə məktəblə danışmışıq və digərləri ilə də danışıqlarımız davam edir. Çalışırıq, məktəblərdə qolf dərsləri keçilsin. Artıq, dediyim kimi, bir neçə məktəbdə buna nail olmuşuq. Şagirdləri vaxtaşırı qolf haqqında məlumatlandırırıq və onların böyük maraqla bizi dinlədiyinin şahidi oluruq. Razılıq əldə etdiyimiz məktəblərdə həftədə iki dəfə bədən tərbiyəsi dərslərinin tərkibində qolf dərsləri keçirilir. Burada şagirdlərə qolfun qaydaları öyrədilir. Onların bəziləri isə artıq bizim təlimlərlə yaxından maraqlanmağa başlayıblar və federasiya daxilində keçirdiyimiz dərslərə qatılırlar. Ümid edirik, həmin tələbələrimiz bir neçə ildən sonra Azərbaycanı beynəlxalq arenada təmsil edəcəklər.

- Xaricdən mütəxəssislər dəvət olunur?

- Xarici mütəxəssislərin Azərbaycana gətirilməsinə çalışırıq. Bu yaxınlarda ingilis baş məşqçini vətənimizə gətirə bildik. Bu, Spenser Li Hendersondur. O, Türkiyədə baş məşqçi vəzifəsində çalışırdı. Uzun danışıqlardan sonra onun Azərbaycana gəlişinə nail ola bildik. O gəldikdən sonra federasiyanın fəaliyyətində onun tövsiyələrini nəzərə aldıq.

- Yaxın gələcək üçün hansı mühüm planlar var?

- Federasiyanın prezidenti Anar Məmmədovun əsas istəyi 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanın qolf komandasının iştirtak etməsidir. Bütün işlər bunun üçün görülür. Artıq xaricdə yaşayan bir azərbaycanlı ilə də əlaqə qurmuşuq. Hansı ki, çox gözəl qolf oynamağı bacarır. Həmçinin, xaricdən dəvət etdiyimiz mütəxəssislər də qolf idmanının sirlərini bizim gənclərə öyrədirlər.

- Məktəblərdən əlavə təlimlərə yazılmaq istəyənlər var?

- Maraq böyükdür. Sadəcə, hazırda şəraitlə bağlı müəyyən çatışmazlıqlarımız var. Biz onlara deyirik ki, bizə bir az vaxt verin, biz şəraiti qaydasına salaq, sonra gəlin. Meydançamız çox dəyişilib, köhnəlib. Biz bu tipli problemləri aradan qaldırmalıyıq ki, insanların təlimə də gəlişini təmin edə bilək. Görürsünüz, meydançamız hazırda istənilən səviyyədə deyil. Ot örtüyü köhnəlib. Əslində buranı təbii otla təmin etmək də bir az çətindir. Bu, daimi qulluq tələb edir və təbii şərait buna çətinlik yaradır. Qubada isə əla şərait var. Orada ot örtüyü təbiidir və meydançanın təbiət qoynunda yerləşməsi oranı daha da gözəl edir.

- Yaş etibarilə cavanlar bu oyuna daha çox maraq göstərirlər, ya yaşlılar?

- Cavanlar daha çoxdur. Ümumiyyətlə, qolf üçün ideal yaş da gənc yaşdır. Sümüklər bərkiyəndən, bədən formalaşandan sonra çətin olur.

- Maraq göstərənlər buna daha çox hobbi kimi baxırlar, ya bu idman növü ilə məşğul olmaq istəyirlər?

- Daha çox qolfçu olmaq üçün gəlirlər.

- Qolf üçün ideal hava şəraiti hansıdır?

- İdeal hava şəraiti anlayışı yoxdur. Qarda da qolf oynayırlar. Lakin, günəşli, açıq hava qolfçular arasında daha çox qəbul olunan hava şəraitidir.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!