26 İyul, 2014
“World Heritage” jurnalı Şəkidən yazdı

UNESCO-nun Dünya İrs Mərkəzinin rəsmi nəşri olan “World Heritage” jurnalının bu ilin iyun buraxılışında Şəki şəhərinin tarixinə həsr olunmuş məqalə dərc edilib.

Simsar.az xəbər verir ki, məqalədə Şəki şəhərinin qədim tarixi, zəngin maddi və mədəni irs nümunələri, regionda mövcud olan turizm infrastrukturu haqqında geniş məlumat verilib. Yazıda, UNESCO-nun dünya irsinin ilkin siyahısında yer alan Şəki xanlarının sarayı, eləcə də Kiş məbədi barədə tarixi məlumatlar öz əksini tapıb.

İldə 4 dəfə ingilis, fransız və ispan dillərində nəşr edilən jurnalın hər buraxılışı təxminən 10 min nüsxədə çap edilir və Dünya İrs Mərkəzinin üzvləri, UNESCO-nun milli komissiyaları, ayrı-ayrı ölkələrin mədəniyyət və turizm nazirlikləri, ixtisaslaşmış turizm sərgiləri və fərdi abunəçiləri arasında yayılır.

Jurnalın xüsusi iyun buraxılışı Doha şəhərində keçirilmiş UNESCO-nun Dünya İrs Mərkəzinin 38-ci illik sessiyasına həsr edilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!