25 İyul, 2014
22 sahibkara 14,3 milyon manat kredit

Sabunçu rayonunun Maştağa qəsəbəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu keçirilib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, logistik mərkəzin, ət kəsimi müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub. Tədbirdə kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 2982 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 153,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 6600-dan çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Ümumilikdə, indiyədək Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 851 investisiya layihəsinin maliyyələşdirilməsinə 189,9 milyon manat güzəştli kredit yönəldilib.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 22 sahibkarlıq subyektinə 14,3 milyon manat kredit verilib. Kreditlər əsasən heyvandarlıq, logistik mərkəz, mebel, istixana konstruksiyaları və qida sənayesi avadanlıqları, ayaqqabı, plastik qapı-pəncərə, tikinti materialları, şirniyyat məhsulları istehsalı sahələrinə yönəldiləcək.

Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Tədbir çərçivəsində, həmçinin Maştağada güzəştli kredit ayrılmış müasir çörək zavodunun fəaliyyətinə baxış keçirilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!