25 İyul, 2014
“Qüds günü” Azərbaycan üçün nə ifadə edir?

Dosye: Bu gün Ramazan ayının sonuncu cümə günüdür. Sonuncu cümə bəzi müsəlman ölkələrində Qüds günü kimi qeyd edilir. İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək məqsədilə keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir. Son illər "Qüds günü" Azərbaycanda və İraqda şiələr yaşayan bölgələrində də qeyd olunur.

Xatırlatma: İki il öncə Qüds günündə, Təbrizdə keçirilən nümayişlər zamanı təbrizli gənclər Qüdsdə baş verənlərə etiraz etməzdən öncə Ana dilində təhsil və Urmiya gölünün quruması kampaniyalarına dəstək vermişdilər. Elə bu səbəbdən onlardan bir qismi həbs edilmişdi.

Niyə məhz Qüds günü?

Qüds və ya Yerusəlim, müsəlman və yəhudilər üçün hər zaman mübahisəli əraziyə çevrilib. Ancaq İsrailin ərazidəki hakimiyyəti müsəlmanların Qüdsdən uzaq düşməsinə səbəb oldu. Bu tarix bir çoxlarına bəllidir. 1948-ci ildən sonra İsrail adlı dövlət dünya ölkələri tərəfindən tanındı. Və regionda nəzarət dünyaya səpələnmiş yəhudiləri bir yerə toplamağa can atan sionist rejimin əlinə keçdi.

Qüds müsəlmanların acı taleyinin bir şahididir. O şahid ki, Fələstin üçün ağlayanlara vicdan aynasıdır.

Fələstində baş verənlər heç də yenilik deyil. Fələstində baş verənlərə göz yuman müsəlman öıkələri də müasir dövrün dəbinə uyğunlaşmır. Illər öncə də oradakı əhali sadəcə beynəlxalq təşkilatların soyuq sığalına möhtac idilər. İndi də.  Qüds günü fələstinlilərin bu tərk olunmuşluqlarına etiraz formasıdır. Bu gündə etiraz edənlər simvolik olaraq zalımla mübarizə aparırlar. Müxtəlif ölkələrdə etirazlar edilir. Və ədalət tələb olunur.

Ramazan ayının sonuncu cümə gününə təsadüf edən Qüds günü bu il erkən və davamlı olmaqla yaddaşlara köçürüldü. Çünki Fələstin hər gün yüzlərlə sakini ilə vidalaşmalı olur.

Fələstində nə baş verir?

Bu sual son bir neçə gündə güclü dövlətlərin rəhbərləri tərəfindən açıqlama vermək məcburiyyətində qaldıqları sualdır. Hərə bu hadisələri gördüyü, görmək istədiyi və ya göstərmək istədiyi kimi təqdim edir. Fələstində son 17 gündə 800-ə yaxın insanın ölümü, 5000-dən çoxunun yaralanması ABŞ və Almaniya tərəfindən İsrail özünümüdafiəsi kimi qələmə verilir. Necə bir müdafiədirsə İsrailin itkiləri 50 nəfərə çatmayıb. Fələstinə acıyan dünyanın nüfuzlu ölkələri onların başına soyuq sığal çəkir, yardımlar ayırır.

Özünümüdafiə qüvvələrinin viran qoyduğu, daxil olmağa cəsarət edə bilmədikləri ölkəyə ABŞ 47 milyon, Fransa 11 milyonluq yardım göndərir. Deməli bu il Qüds günü Fələstin üçün xeyli “bərəkətli” gələcək.

Etiraz o qədər fərdəməxsus bir keyfiyyətdir ki, kimin necə etiraz etdiyini müzakirə etmək olmur. Kimi səs küy qoparır, kimi boykota əl atır kimisi isə sadəcə susur. Susmaq etiraz simvolu kimi nə dərəcədə başa düşüləndir?! Sən susursan, ancaq Fələstində acı çəkən ürəklər susmur.

Bəziləri İsrail istehsalı olan “Coca Cola”məhsullarını boykot edir. Şüar isə belədir: “Bir kola bir güllə”. Daha aydın desək, həmin içkiyə pul verməməklə İsraili bir güllədən məhrum edirlər. Bu etiraz susmaqdan daha təsirlidir ancaq faydalıdırmı? Kola içməyə bilərsən, ancaq İsrail yalnızca kola istehsal etmir. İstifadə etdiyiniz şampundan tutmuş bir çox məhsullar həmin şüarı dəyərsiz üçün yetərlidir. Bir neçə dükanda kola satılmır. Fələstində isə 2 gündür hər saat 1 uşaq ölür.

Hər gün, “Daha bir ölkə prezidenti Fələstində baş verənlərlə bağlı narahatlığını ifadə etdi” başlıqlı yazılar yazılır. Və bunlar sadəcə yazılır. Fələstində isə 2 gündür hər saatda 1 uşaq ölür.

Sosial şəbəkələrdə virtual etirazlar keçirilir. Bəziləri isə təkziblə əvəz edilir. “Üzr istəyirəm bu cür yazmaq istəməmişdim. Mən siyasətə qarışmıram”. Etiraz və peşmanlıq. Fələstində isə 2 gündür hər saatda 1 uşaq ölür. Virtual olaraq yox, o uşaqlar həqiqətən və vicdansızca öldürülür.

Bu gün Qüds günüdür. Bəlkə də yenə dünyanın bəzi müsəlman ölkələri nümayişə hazırlaşır. Bəziləri öz problemləri, bəziləri verəcəkləri iftar süfrələri və bayram hazırlıqları ilə, bəziləri isə sadəcə məşğuldurlar. Nə ilə, kim ilə? Fələstində isə 2 gündür hər iki saatda 1 uşaq ölür.

Bəs, Azərbaycan “Qüds günü”ndən xəbərdardırmı?

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!